Şriftin ölçüsü :

Saytın rəngi :

Cari ilin birinci yarısında rayonda ümumi məhsul buraxılışının həcmi iki dəfəyə yaxın artmışdır

24 iyul 2013 | 15:00

2013-cü ilin birinci yarısında Balakən rayonunda 96,7 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 faiz çoxdur. Müddət ərzində rayonda 3,2 milyon manatlıq sənaye, 24 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmiş, 45,9 milyon manatlıq tikinti işləri görülmüşdür. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulu istehsalı 18 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 8 faiz, tikinti işlərinin həcmi isə 12 dəfə artmışdır.
Bu faktlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn məsələlər və ilin birinci yarısında rayonda görülmüş işlərlə bağlı Balakən rayon icra hakimiyyəti başçısı yanında keçirilən şura iclasının hesabat məruzəsində səsləndirilmişdir.

Məruzədə bildirilmişdir ki, iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakən rayonunda hesabat dövründə 7060 hektar sahədə qarğıdalı, 2006 hektar sahədə tərəvəz, 889 hektar sahədə kartof, 310 hektar sahədə lobya, 330 hektar sahədə bostan bitkiləri əkilmiş, 779 hektar sahəyə yonca səpilmişdir. Yazlıq bitkilərin əkin sahələri əvvəlki illə müqayisədə 6,8 faiz artırılaraq 11 min 750 hektara çatdırılmışdır. Bitkiçiliklə yanaşı, heyvandarlığın inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılmışdır. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 58 ton, süd istehsalı 1413 ton, yun istehsalı yarım ton, yumurta istehsalı isə 20 min ədəd artmışdır. Rayonda fəaliyyət göstərən “Azəryemsənaye” MMC-də ilin birinci yarısında heyvandarlıqda istifadə olunan 800 ton qüvvəli yem istehsal edilərək fermerlərə satılmışdır.
Ilin birinci yarısında Katex kəndində 48 hektar sahədə intensiv meyvə bağları salınmış, damlama üsulu ilə suvarma sistemi qurulmuşdur. Rayonda intensiv meyvə bağlarının sahəsi artırılaraq 171 hektara çatdırılmışdır.
Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində əsaslı işlər görülmüşdür.
2012-ci ildə bölgədə baş vermiş zəlzələlərin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat verən məruzəçi, mayda baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş 215 evdən 213-nün tikilərək sahiblərinə təhvil verildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, oktyabrda baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşdüyü müəyyənləşdirilmiş 436 evdən artıq 428-i sökülərək yenilərinin tikintisinə başlamışdır.
Məruzədə həmçinin, əhalinin elektrik enerjisi, təbii qaz, içməli su, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edilmiş, qarşıda duran vəzifələrə toxunulmuşdur.

Keçidlər