Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan işğal edilmiş torpaqlarını düşməni sülhə məcbur etmək yolu ilə alacaq

17 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib. Müsahibə zamanı Prezident İlham Əliyev: “Ermənistanın müdafiə naziri deyirdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Azərbaycana daim hədələr və təhqirlər səslənirdi, nəticəsi də bax bu cür qarşıdurma oldu” dedi. Həmçinin Hərbi əməliyyatlara Ermənistanın başladığını da qeyd edən Prezident xatırlatdı: “Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb. Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum dəf edildi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısı saxlanıldı”.
   Ermənistan dinc əhaliyə qarşı terror törədir. Bu günə qədər dinc əhali arasında 43 nəfər həlak olub və 200-dən çox yaralı var. Təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2 minə yaxın ev ya tamamilə dağıdılıb, ya da zərər çəkib. Təəssüf ki, atəşkəs parametrləri razılaşdırıldıqdan sonra da Ermənistan tərəfindən artilleriya atəşləri davam edir, o cümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nəticəsində 10 nəfər dinc sakin həlak olub və 40-a yaxın adam yaralanıb. Ermənistan ordusunun itkiləri çoxdur. Döyüş meydanında itkilərə gəldikdə erməni tərəfin itkiləri Azərbaycanın itkilərindən xeyli çoxdur. Azərbaycan hərbi qulluqçular arasındakı itkiləri münaqişənin qaynar fazası başa çatandan sonra elan edəcək. Döyüş əməliyyatlarının nəticələri Azərbaycan Ordusu üçün çox uğurludur. Ordu düşmənin dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail oldu. Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işğaldan azad edilib. İşğalçılar Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarılıb və ölkənin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyat davam edir. Hərbi əməliyyatlar uğurla davam edir. Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur. Orduda 100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər. Bu gün şanlı Azərbaycan Ordusu qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir. Erməni hərbi texnikasının məhv edilməsi kadrları internetdə əlçatandır. Əlbəttə, heç bir muzdlunun bu dərəcədə ixtisası və belə texniki imkanları yoxdur”
   Prezident İlham Əliyev Azərbaycanın təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv etdiyini, buraya başqa vasitələr daxil olmadığını, Azərbaycan Ordusunun potensialı məlum olduğunu, Azərbaycanın nəyə malik olduğu heç kəs üçün sirr olmadığını, buna görə əlavə hərbi qüvvələrə ehtiyacın olmadığını qeyd etdi.
   Müsahibəsi zamanı cənab Prezident  Azərbaycanın  işğal edilmiş torpaqlarını düşməni sülhə məcbur etmək yolu ilə alacağını bir daha diqqətə çatdırdı: “ Minsk qrupu çərçivəsində əldə edilən prinsiplər uzun illər ərzində işlənib hazırlanıb. Azərbaycan Ermənistanın əvvəlki rəhbərliyi ilə iş prosesində mövqelərin razılaşdırılması istiqamətində çox fəal irəliləyirdi. Bu, çox mürəkkəb məsələ idi. Danışıqlar istənilən halda, xüsusən belə mühüm məsələdə mürəkkəb prosesdir. Buna baxmayaraq, hər iki tərəf siyasi nizamlama yolu ilə getmək arzusu nümayiş etdirirdi. Azərbaycan prinsiplərə sadiqdir. Paşinyan hökuməti əldə edilən prinsipləri qəbul etmədi. Ermənistanın indiki rəhbərliyi hakimiyyətə gələndən sonra erməni tərəfi o vaxta qədər əldə edilənlərin hamısını sadəcə kənara atdı. Üstəlik, danışıqların formatını dəyişməyə, qondarma “Dağlıq Qarabağ Respublikası”nı danışıqlara cəlb etməyə cəhd göstərdi. Bu cəhd Azərbaycan və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd edildi.
   İşğal altındakı torpaqlarımız geri qaytarılmalıdır. Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli şəkildə azad olunması nəzərdə tutulur. Birinci mərhələdə işğal edilmiş ərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən ərazilər – Laçın və Kəlbəcər rayonları işğaldan azad edilməli, bütün kommunikasiyalar, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin digər hissələrində yerləşən kommunikasiyalar açılmalı, qaçqınlar və məcburi köçkünlər əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır;
   Cənab Prezident: “Köçkünlər Şuşaya qayıdacaq. Azərbaycanlı köçkünlərin həm Şuşa ərazisinə, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarının ərazisinə qaytarılmalıdır.  BMT TŞ-nin qətnamələri yerinə yetirilməlidir. Azərbaycanın mövqeyi həmişə çox konstruktiv və ardıcıl olub. Bu mövqe həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qüvvələrinin Azərbaycan ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarına əsaslanıb. Azərbaycanın mövqeyi həmişə praqmatik yanaşmaya əsaslanıb. Danışıqlar masası üzərində olan variantlar bunu aşkar göstərir”.
   Bu gün Azərbaycan işğalçıya qarşı Vətən müharibəsi aparır. Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Heç kəs üçün gizli deyil və bu faktı artıq beynəlxalq vasitəçilər də bilir ki, qondarma “Dağlıq Qarabağ ordusu” yoxdur. Bu gün Qarabağdakı hərbi qulluqçuların 90 faizi Ermənistan vətəndaşıdır. Onlar hərbi xidmətə Ermənistanın hərbi komissarlıqları tərəfindən çağırılır və Azərbaycanın işğal edilmiş ərazilərinə  Ağdama, Füzuliyə, Cəbrayıla, Kəlbəcərə, Qubadlıya, Laçına, Zəngilana göndərilir.
   Prezident İlham Əliyevin əsas amalı Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğu bütün illər ərzində verdiyi vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Azərbaycan xalqının iradəsi Prezident İlham Əliyevin bu uğurlu siyasətinə şübhəsiz yüksək dəyər verir və verəcəkdir. Azərbaycanın ərazi bütövlüyü “qırmızı xətdir” deyən Prezident Azərbaycanın bunu çox dəqiq bəyan etdiyini və Minsk qrupunun həmsədrlərinin bunu yaxşı bildiklərini vurğulayaraq “ Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcəK” dedi.
   Tarixi həqiqət Azərbaycanın tərəfindədir. Prezident İlham Əliyev müsahibəsində: “XIX əsrin əvvəlində Qarabağ və Şuşa xanı İbrahimxəlil Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə general Sisiyanovun şəxsində çar Rusiyası ilə müqavilə bağlayıb. Kürəkçay müqaviləsi adlanan bu sənədin mətni internetdə yerləşdirilib. Onunla hər kəs tanış ola bilər. Bu müqavilədə Qarabağ xanlığının erməni əhalisi barədə bircə kəlmə də deyilməyib” dedi. Kürəkçay müqaviləsində ermənilərin adı keçmir. Belə ki, Ermənilərin Qarabağa kütləvi köçürülməsi XIX əsrdə başlayıb. Erməni əhalisinin bu regiona kütləvi şəkildə köçürülməsi 1813-cü və 1828-ci illərdə iki Rusiya-İran müharibəsindən sonra başlanıb və o vaxtdan müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlanıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Qarabağ Azərbaycanın tərkibində idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil erməni dövləti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti onun yaradılmasının elan edilməsinin ertəsi günü İrəvan şəhərinin paytaxt kimi Ermənistana verilməsi barədə qərar qəbul etdi. Bu da tarixi faktdır. 1921-ci ildə Qafqaz Bürosu Dağlıq Qarabağın, bəzi yalançı tarixçilərin dedikləri kimi Azərbaycana verilməsi haqqında deyil, onun Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul etdi. Daha sonra cənab Prezident Rusiya-Azərbaycan münasibətləri haqqında da fikir bildirdi: “Bu tarixi faktları Rusiya ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır ki, Azərbaycan və Rusiya çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma telləri ilə bağlıdırlar. Heç bir qüvvə buna təsir göstərə bilməz. Doğrudur, müxtəlif istiqamətlərdən nifaq salmaq, müəyyən etimadsızlıq yaratmaq cəhdləri var. Lakin Rusiya və Azərbaycan rəhbərliyinin ardıcıl siyasəti sayəsində münasibətlər nəinki geriləmir, irəliyə gedir. Bu gün Rusiya və Azərbaycan bir-birini strateji tərəfdaşlar adlandırırlar”.

Keçidlər