Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Biz öz torpağımızda özümüzü müdafiə edirik və işğalçıları öz torpaqlarımızdan qovmalıyıq

18 oktyabr 2020 | 16:00

Ancaq, eyni zamanda, əgər onlar Ermənistan ərazisindən bizə qarşı “Toçka-U”, “İsgəndər”, “Skad” və başqa çox təhlükəli silahlardan istifadə etməyi davam edəcəklərsə, - necə ki, Gəncəni onlar Ermənistanın Vardenis rayonundan vurdular, - bu, bizim üçün legitim, qanuni hərbi hədəflər olacaq. Bunu hər kəs bilsin.
   Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi zamanı deyib.
   Cənab Prezident bildirib ki, Ermənistan tərəfi adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar Azərbaycanı yolundan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz. Ermənistan görəndə ki, artıq döyüş meydanında işğal edilmiş torpaqları qoruya bilmir, onlar atəşkəs üçün müraciət etdilər. Ancaq görünür ki, Ermənistan bu atəşkəsdən istifadə etmək istəyir, bir gün keçməmiş Gəncəyə bu namərd hücumu təşkil etdilər. Ondan sonra digər şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular.
   Ölkə başçısı vurğulayıb ki, Türkiyənin gücündən narahat olan dairələr var. Türkiyə artıq 20 il əvvəlki Türkiyə deyil. Bunu bilirik, Türkiyədə yaşayan qardaşlarımız da bilirlər. Bu gün Türkiyə dünyada söz sahibidir. Heç kim Türkiyəyə nəyi isə diktə edə bilməz, nəyi isə məcbur edə bilməz. De-fakto Türkiyə artıq müzakirə masasındadır.
   Cənab Prezident qeyd edib ki, son əks-hücum əməliyyatlarının nəticələri Azərbaycan Ordusunun əməliyyatının daha da uğurlu olmasına şərait yaradır. Azərbaycan xalqı iradəlidir, mərmi altında yaşayan insan yerindən tərpənmir. Tərtəri Ermənistan Stalinqrada çevirir. İndiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. İnsanlar mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!”;
   Ərazi bütövlüyümüzün bərpası bir nömrəli vəzifədir. Buna nail olmaq üçün böyük səy göstərilir - siyasi, iqtisadi, diplomatik, hərbi sahələrdə. Siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik.

Keçidlər