Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük sərvətidir
Müstəqillik, öz taleyinə sahib olmaq, öz dövlətini yaratmaq və inkişaf etdirmək hər bir xalq üçün ən böyük nailiyyətdir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə baxmayaraq, heç bir qüvvə Azərbaycan xalqının müstəqillik, dövlətçilik arzularını söndürə bilməmiş, şərait, imkan yetişən kimi xalqımız müstəqillik ideallarını gerçəyə çevirmişdir. Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün öz müstəqil dövlətinə sahibdir və dövlət müstəqilliyimiz xalqımızın milli sərvətidir.
Bu gün Heydər Əliyevin adı müstəqil və suveren Azərbaycanın simvolu kimi səslənir. Çünki Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil Azərbaycan dövlətini qurmaq olmuş və o, müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində xalqımızın azadlıq və müstəqillik ideallarını gerçəkləşdirməyə nail olmuşdur. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etməyə həsr etmiş Ümummilli Lider Heydər Əliyev daim xalqına arxalanaraq və zəngin dövlətçilik təcrübəsinə, yüksək idarəetmə bacarığına söykənərək çox qətiyyətli, müdrik qərarlar qəbul etmiş, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmiş, ölkəmizin və xalqımızın milli inkişafını təmin etmişdir.
Heydər Əliyev şəxsiyyətinin böyüklüyü həm də onunla əlaqədardır ki, onun ideyaları konkret zaman və məkan məhdudiyyəti tanımır. Ulu Öndərin müəllifi olduğu dövlətçilik konsepsiyası, dəqiqliklə işləyib hazırladığı strateji kurs sonrakı dövrdə də ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, inkişafına xidmət etmiş, Azərbaycanın gələcəyinə işıq tutmuşdur. Yeni əsrin və yeni minilliyin başlanğıcında Heydər Əliyev siyasətini davam etdirmək gücündə və iqtidarında olan, başlanılan qlobal işləri, transmilli layihələri uğurla həyata keçirə biləcək, Azərbaycanı Ulu Öndərin görmək istədiyi zirvələrə qaldıracaq yeganə lider möhtərəm Prezident
İlham Əliyev idi. Ümummilli Lider Heydər Əliyev də 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına tarixi müraciətində tam haqlı olaraq, cənab İlham Əliyevə böyük etimadını ifadə etmiş və bəyan etmişdir ki, "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”.
Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan artıq 17 ildir ki, etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə özünün dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu illər ərzində ölkəmizdə ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi daha da möhkəmlənmişdir.
Məqsədyönlü sosial tədbirlər nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yüksəlməsinə xidmət edən uğurlu sosial dövlət modeli formalaşdırılmış, işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına nail olunmuş, əməkhaqları, pensiya və təqaüdlər əsaslı şəkildə artırılmışdır. Son 17 ildə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə böyük iş həcmi yerinə yetirilmiş, ölkədə bütün çadır düşərgələri ləğv edilmiş, yüzdən çox yeni qəsəbə və şəhərcikdə 300 mindən çox insan yerləşdirilmişdir. Ölkənin infrastruktur sistemi tamamilə yenilənmiş, müasir əsaslarda yenidən qurulmuşdur.
Azərbaycanda Prezident İlham Əliyevin müəllifliyi ilə nəhəng transmilli energetika layihələri həyata keçirilmiş, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "Cənub qaz dəhlizi” kimi enerji təhlükəsizliyində mühüm rol oynayan nəhəng layihələr Avropanın enerji xəritəsini dəyişdirmişdir. Həmçinin Azərbaycanın təşəbbüsü ilə qlobal əhəmiyyət daşıyan trans-nəqliyyat, kommunikasiya layihələri reallaşdırılmış, Avropanı Asiya ilə birləşdirən "Şərq-Qərb” və "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması təmin edilmiş, Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulmuşdur.
Ötən 17 ildə bütün digər istiqamətlərdə olduğu kimi, xarici siyasət sahəsində də Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu prinsiplər uğurla tətbiq olunmuş, milli maraqlara söykənən müstəqil xarici siyasət həyata keçirilmişdir. Dövlət başçısının qətiyyəti, yüksək diplomatik səriştəsi, həmçinin bütün məsələlərdə beynəlxalq hüquqa və ədalətə istinad edən prinsipial mövqeyi sayəsində Azərbaycanın beynəlxalq nüfuzu yüksəlmiş, 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilmişdir və hazırda təşkilata uğurla sədrlik etməkdədir. Digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycana inteqrasiyanın dərinləşməsinə, ölkə reallıqlarını dünya ictimaiyyətinə obyektiv və dolğun çatdırmağa imkan vermişdir. Azərbaycan Prezidentinin sülh və humanizm, birgə geniş əməkdaşlığı təmin edən xeyirxah missiyası qlobal məkanda birliyin, tolerantlığın, sivilizasiyalararası dialoqun, multikulturalizmin dərinləşməsinə töhfə verir, dövlətlərarası səmimi münasibətlərin təmas nöqtələrinin trayektoriyasını müəyyən edir.
Azərbaycanın xarici siyasət institutunun qarşısında duran bir nömrəli məsələ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Prezident İlham Əliyev bu istiqamətdə də vəzifəni konkret müəyyənləşdirmişdir: "Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar”. Ona görə də ötən dövrdə xarici siyasətin bütün arsenalı əsas etibarilə bu münaqişənin həllinə yönəldilmiş, Azərbaycanın cəhdləri problemin sülh yolu və danışıqlar vasitəsilə aradan qaldırılmasına xidmət etmişdir. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarla yanaşı, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair mühüm qərarların qəbul edilməsinə nail olunmuş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmiş, münaqişənin məhz bu prinsiplər əsasında həllinin vacibliyi qeyd olunmuşdur. Azərbaycan bütün dövrlərdə konstruktiv mövqe göstərmiş, münaqişənin ədalətli həlli prosesinə sadiq qalmışdır.
Lakin Ermənistan rəhbərliyinin danışıqları pozmaq, sülh prosesindən imtina etmək, status-kvonu möhkəmləndirmək istiqamətində təxribatları, eyni zamanda beynəlxalq ictimaiyyətin Yerevanın siyasi rəhbərliyinin bu riyakar davranışlarına adekvat münasibət bildirməməsi 30 ilə yaxındır davam edən sülh danışıqlarının nəticəsiz qalmasına gətirib çıxarmışdır. Bununla yanaşı, işğalçı ölkənin son dövrlər hərbi təxribatlarının artması, Azərbaycana qarşı yeni işğalçılıq iddialarının ortaya atılması ölkəmizi alternativ tədbirlər görməyə, tarixi ədaləti öz gücü hesabına bərpa etməyə vadar etmişdir.
Beləliklə, öz müstəqilliyinin 29-cu ildönümünü qeyd edən Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixini yazır. Əlbəttə, Azərbaycan tarixində bir çox şərəfli anlar olmuş, xalqımızın qürur mənbəyinə çevrilmiş hadisələr yaşanmışdır. Amma bu gün Ali Baş Komandanın başçılığı ilə Azərbaycan Ordusunun zəfər yürüşü, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malikdir. Qurtuluş savaşı aparan Şanlı Ordumuz 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı - Füzuli, Xocavənd, Cəbrayıl, Tərtər rayonlarının bir sıra kəndlərini, Suqovuşan kəndini, Hadrut qəsəbəsini, Cəbrayıl və Füzuli şəhərlərini düşməndən təmizləyərək zəfər yürüşünü, xilaskarlıq missiyasını davam etdirir. Müzəffər Azərbaycan Ordusu hər gün yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir. Torpaqlarımızın azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytarır, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirir. Bu gün Azərbaycan xalqı, hər bir vətəndaşımız Ali Baş Komandanın və şanlı ordumuzun ətrafında yumruq kimi sıx birləşərək işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyi günü səbirsizliklə gözləyirlər. Və şübhə yoxdur ki, Ali Baş Komandan və onun rəhbərliyi ilə Azərbaycan Ordusu Azərbaycan xalqının ümidlərini yenə də doğruldacaq və Azərbaycan haqq işində zəfər çalacaqdır! Bu gün işğaldan azad olunmuş tarixi ərazilərimizdə üçrəngli Azərbaycan bayrağının qürurla dalğalanması isə müstəqillik günümüzə ən böyük hədiyyədir!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!