Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır

21 oktyabr 2020 | 16:00

“Vəziyyətin hələ də qaynar fazada olması Azərbaycanın təqsiri deyil. Azərbaycan nizamlama prinsiplərinə sadiqdir. Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib hazırlanıb. Əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, Azərbaycan günü sabah hərbi əməliyyatları dayandırmağa hazırdır. Ermənistan rəhbərliyi lap yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib. Birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Azərbaycan tərəfindən bu iradə var. Azərbaycan öz mövqeyini bir daha təsdiq edir. Özü də bunu elə bir vaxtda təsdiq edir ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə Azərbaycan, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırdır.”
   Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə verdiyi videomüsahibə zamanı deyib.
   Ölkə başçısı bildirib ki, Azərbaycan öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmin öhdəlikləri yerinə yetirməyə çalışır və hazırlaşır. Ermənistan atəşkəs rejimini kobud şəkildə pozur. Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum etdi. Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirdi. Birinci hücumdan sonra, iki hücum olub, həlak olanlar və yaralananlar hədsiz çoxdur. Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik etdi. Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi.

Keçidlər