Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq
Prezident İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. Verdiyi müsahibədə ölkə başçısı ATƏT-in Minsk qrupu həmsədr ölkələrin vasitəçiliyi məsələsinə toxunub. O, Bildirib ki, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Xarici İşlər nazirlərinin bu üç paytaxtda görüşməsi təbiidir. Bu cür görüşlər əvvəllər dəfələrlə olmuşdur. Moskvaya da səfər edilmişdir, orada da görüş olmuşdur. Beləliklə bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamıdır. Əlbəttə ki, indi vəziyyət dəyişmişdir. Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Beləliklə, bu müzakirələrdə Azərbaycanın əsas məqsədi Ermənistan rəhbərliyinin ərazilərin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir. Prezident İlham Əliyev müsahibəsində sözügedən münaqişənin həlli istiqamətində qeyd etdi: “Bu növ görüşlər əvvəllər də olmuşdur. Əgər belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaqdır. Əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır. Buna görə də Azərbaycan Ermənistan hökumətinə sübut etməli idi ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər. Azərbaycan onların cəzasını yerində verir, əraziləri azad edir, demək olar ki, hər gün mən Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndləri elan edilir.
Dövlətimizin başçısı sözünə davam edərək vurğulayıb ki, birinci və ikinci humanitar atəşkəsin pozulmasının səbəbkarı Ermənistandır. Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra Ermənistan atəşkəsi pozdu, onlar yenə də dinc şəhərlərə hücum etdilər. Ermənistan bir gündə Tərtər şəhərinə 100-dən çox raket atıb. Onlar hərbi mövqelərimizə hücum edirlər. Birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar. Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər hücum olunursa, nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Onlar ikinci dəfə atəşkəsi pozandan sonra Zəngilan şəhəri və bir çox kəndlər azad edildi. Atəşkəs humanitar zəmində elan olunmuşdur. Moskva bəyannaməsində substantiv danışıqlara və danışıqlar formatının dəyişməz olaraq qaldığına da istinad var idi. Bu isə Ermənistan tərəfindən qondarma “Dağlıq Qarabağ hökumətini” danışıqlara cəlb etmək cəhdlərinin artıq olmayacağı deməkdir. Bu, Azərbaycan və Minsk qrupu tərəfindən rədd edilmişdir.
Prezident İlham Əliyev “Ermənistandan yeddi rayonu boşaltmağa öhdəlik götürməlidir” deyə vurğulayaraq sözlərini davam etdirdi: Bu, Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsidir. Əsas prinsiplərdə deyilir ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır, qaçqın və məcburi köçkünlər işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağın ərazisinə, o cümlədən qədim Azərbaycan şəhəri olan Şuşanın ərazisinə. Ermənistan hökuməti bu prinsiplərə sadiq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyan etməlidir və bundan sonra əlbəttə ki, danışıqlar başlayacaqdır. Azərbaycanın işğal olunmuş bütün əraziləri qaytarılmalıdır. Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin bir hissəsidir. Lakin bu, sonuncu hissədir. Buna görə, Azərbaycan danışıqlar çərçivəsində bu məsələni ciddi müzakirə etməyib. Minsk qrupunun həmsədrləri olan üç ölkə, əlbəttə, öz adından bu müşahidəçilərin tərkibi, sayı, onların nə zaman və hara göndəriləcəyi ilə bağlı təkliflərini verəcəklər. Bu, həm də texniki nöqteyi-nəzərdən vacibdir. İndi döyüş əməliyyatlarının aktiv fazasıdır. Bu müşahidəçilər və ya sülhməramlılar harada yerləşdiriləcək? Onların həyatı risk altında ola bilər. Onların mandatı necə olacaq? Onlara mandatı kim verəcək? Aydındır ki, bu barədə danışanda, Azərbaycan ərazisi barədə danışırıq. Bu, Ermənistanın ərazisi deyil. Ona görə də, əlbəttə ki, bununla bağlı həlledici sözü Azərbaycan deməlidir.
Müsahibədə Minsk qrupu tərəfindən ötən 30 il ərzində heç bir nəticə əldə edilməməsi, eyni zamanda Minsk qrupunun həmsədrlərinin də daimi üzvü olduğu BNT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasının tələb edən 4 qətnaməsinin icrasına laqeyd münasibət bəslənilməsi də təəssüflə vurğulanıb: “Minsk qrupu 30 il ərzində heç bir nəticə əldə etmədi. Minsk qrupunun vasitəçiliyi ilə keçmiş Ermənistan hökumətləri ilə irəliləyişə nail olunmuşdu. Böyük olmasa da, hər halda irəliləyiş idi. Lakin əgər 30 il ərzində bir ölkələr qrupu nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir. Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib.
Prezident İlham Əliyev müsahibəsində jurnalistin “Siz Türkiyənin Qafqazdakı məsələlərlə bağlı daha çox söz sahibi və bu danışıqlar prosesində daha fəal olmağını istəyirsinizmi?”, -sualına cavabında bunun qardaş ölkənin gündəliyindən asılı olduğunu bildirib: Türkiyə de-fakto, həm də Minsk qrupunun üzvü olaraq hüquqi baxımdan danışıqlara artıq cəlb olunub. Azərbaycan Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək verir. Faktiki olaraq, bu iştirak açıq-aşkardır. Türkiyə indi təkcə regionumuzda deyil, Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır. Bu, reallıqdır və bu, Azərbaycan üçün çox yaxşı reallıqdır. Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Başqa heç bir ölkənin onların hər üçü ilə sərhədi yoxdur. Əlbəttə ki, Türkiyə fəal şəkildə cəlb olunmalıdır, Türkiyə cəlb olunub və Azərbaycan bunu möhkəm dəstəkləyir.
Dövlətimizin başçısı müsahibəsində münaqişənin indi aktiv fazası ərzində
Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olmaları, onların təhlükəsizliyinin, hüquqlarının, Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacağı ilə bağlı dəfələrlə bəyanatlar verdiyini bildirib: “Ermənilərin təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq. 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə, ermənilərin törətdiyi soyqırımının qurbanı olan Xocalı şəhərində və bir çox başqa şəhərlərdə 40 mindən çox azərbaycanlı yaşayırdı. Ermənilər etnik təmizləmə həyata keçiriblər. Azərbaycan bunu heç vaxt etməyib. Hətta bu toqquşmalar zamanı eyni yolla cavab verməyib.
Prezident jurnalistin “Dağlıq Qarabağı geri qaytarandan sonra referenduma razılıq verəcəksinizmi?-sualına cavabında isə deyib: “Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq. Azərbaycan bununla heç vaxt razılaşmayacaq. Danışıqlar zamanı Azərbaycan buna razılıq vermədi və indi ərazinin böyük bir hissəsini geri alındığı bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcək. Bundan söhbət gedə bilməz. Ermənistanın Yaxın Şərqdən muzdluları və döyüşçüləri münaqişə zonasına gətirir. Ermənistanın Baş naziri bunu etiraf edib. O bildirib ki, onlar erməni kökənlidirlər. Birincisi, heç kim bilmir onlar erməni kökənlidir, ya yox. Məlumat var ki, başqa millətlərin nümayəndələri hazırda Ermənistan tərəfdən döyüşür. İkincisi, əgər insan etnik ermənidirsə və başqa ölkənin vətəndaşıdırsa, bu, o demək deyil ki, o, muzdlu deyil. Döyüş meydanında zərərsizləşdirilənlər arasında Livan pasportu olan, Kanada pasportu olan insanlar var. Azərbaycana gəlincə, haqqında yalnız şayiələr, yalnız əsassız bəyanatlar yayılır. Heç bir sübut yoxdur. Ona görə də, bu şayiələrə son qoyulmalıdır. Azərbaycan özü döyüşür. Heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur. Azərbaycanın kifayət qədər insanı, nizami ordusu, kifayət qədər əsgər və zabitləri var”.