Şriftin ölçüsü :

Saytın rəngi :

Atəşkəs rejimi Ermənistan tərəfindən daim pozulur

28 oktyabr 2020 | 16:00

Ayın 10-da birinci dəfə atəşkəs qüvvəyə mindi. Mənim mövqeyim elə idi ki, bu, humanitar xarakter daşımalıdır və həlak olanların cəsədlərinin, girovların, əsirlərin dəyişdirilməsi üçün biz buna razılıq vermişik. Ancaq Ermənistan bir gün keçməmiş bu atəşkəsi kobudcasına pozdu, özü də namərd şəkildə, gecə vaxtı Gəncəni bombaladı. Ondan sonra oktyabrın 17–də yeni atəşkəs elan olundu. Yenə də iki dəqiqədən sonra Ermənistan bunu pozdu. İndi bu gün səhər saat 8-dən yeni bir təklif verildi. Ancaq səhər 9-da artıq mən maraqlandım, bir neçə dəqiqə keçmiş atəşkəs Ermənistan tərəfindən pozuldu, Tərtər rayonuna yenə də atəş açıldı.
   Bu sözləri oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciəti zamanı deyib.
   Hər bir pozuntu qeydə alınır, dərhal ATƏT-in nümayəndəsinə və atəşkəsdə maraqlı olan digər ölkələrə göndərilir ki, baxsınlar, ermənilər atəşkəsi nə qədər pozublar.
   Minsk qrupunun fəaliyyətinə müsbət qiymət vermək olmaz. Minsk qrupu işğalçıya təzyiq etməyib və etmək də istəməyib. Minsk qrupu Ermənistanın qanunsuz məskunlaşma aparmasına etiraz etməyib. 28 il ərzində danışıqların imitasiyası olub.Bununla Azərbaycanı vəziyyətlə barışmağa sürükləyirdilər ki, yeni reallıqlar yaranıbdır, siz də hesablaşmalısınız. Minsk qrupunun bütün fəaliyyəti indi təcavüzkar, Xocalı soyqırımını törədən, Gəncəni  ballistik raketlərlə bombalayan Ermənistanı xilas etməkdir.
   Müstəqilliyimizin ilk mərhələsində Minsk qrupunun həmsədri olan Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz edir və bu sanksiyalar bu günə qədər qüvvədədir.
    Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasında digər üzv ölkələrə böyük təzyiqlər edərək yeni sənəd qəbul olunmasına çalışıb.  Məqsəd 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələri qüvvədən salmaq olub.  Bu yenə də işğalçıya dəstək göstərilməsi cəhdidir. Qoşulmama Hərəkatına üzv ölkələrbuna imkan vermədilər, bizə dəstək göstərdilər. Bütün başqa məsələlərdə maraqları daban-dabana zidd olan ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ məsələsində mövqelərinin üst-üstə düşməsi sual doğurur.
    BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar.
   Kimin günahı var, o cavab verir və Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır. Azərbaycan xalqı bu münaqişədə ədalətsiz mövqe tutanları unutmayacaq. Dünya artıq əvvəlki dünya deyil, güc amili ön plana çıxır. İndi böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoymur, BMT Təhlükəsizlik Şurasına məhəl qoymur, istədiklərini edirlər. Halbuki biz beynəlxalq hüququn kənarında heç bir addım atmırıq. Ermənistan torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik.
     Azad olunmuş kəndlərdən bir şey qalmayıb. Azərbaycan xalqının, dövlətinin  onları bərpa etməyə  gücü çatacaq.
   Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik.

Keçidlər