Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: "Heç bir qüvvə Azərbaycanı yolundan döndərə bilməz. Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir”

28 oktyabr 2020 | 16:00

Şanlı Azərbaycan Ordusunun qələbə salnaməsi və qələbə marşı yazılmaqda davam edir. Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqa etdiyi müraciətində səsləndirdiyi fikirlər, verdiyi qələbə xəbərləri də bunu bir daha təsdiq edir. Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Sonuncu azad edilmiş yaşayış məntəqələrinin siyahısı - Zəngilan rayonu: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd; Cəbrayıl rayonu: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər; Qubadlı rayonu: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri. Bununla azad edilən yaşayış məntəqələrinin sayı 150-yə yaxınlaşır. Beş ilə (1988-1993-cü illər) işğal olunmuş, təxminən 27 il ərzində güclü müdafiə-istehkam sistemi yaradılmış ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan Ordusunun qüdrətinin göstəricisidir.
   Ölkə Prezidentinin də söylədiyi kimi: "Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə, torpaqları işğal olunan Azərbaycana qarşı sanksiyalar tətbiq edilmişdir. Qarabağ tarixini dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülübdür. Bu işlər sayəsində artıq dünyada məsələ ilə bağlı daha obyektiv təsəvvür var”.
   Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında, Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunda, Aşqabadda, Vyanada, Astanada diskussiya və çıxışlarında Dağlıq Qarabağla bağlı həqiqətləri səsləndirməsi dünya ictimai rəyinin lehimizə dəyişməsinə mühüm töhfə verib.
   Tarixə nəzər yetirərkən də bir daha aydın olur ki, ölkə başçısının da vurğuladığı kimi: "Kürəkçay sülh anlaşmasında erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt orada yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi”.
   Prezidentin dediyi kimi: "Məqsəd imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq və yeni reallıq yaratmaq idi.  Qafqaz bürosunun 1921-ci il protokollarında göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Halbuki bütün bu illər ərzində saxta erməni alimləri, ermənilərə havadarlıq edən dairələr sübut etməyə çalışırdılar ki, Stalin Dağlıq Qarabağı Ermənistandan ayırıb Azərbaycana veribdir”.
   Azərbaycan sovet dövründə də bölgəyə böyük investisiya qoyub və erməni əhalinin diskriminasiyasından söz gedə bilməz. Münaqişə başlayanadək ermənilərin Dağlıq Qarabağda bütün mədəni, sosial və mümkün siyasi hüquqları təmin olunub. Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar.
   Ölkə rəhbərinin qeyd etdiyi kimi: "Dağlıq Qarabağda qanunsuz xüsusi idarəetmə komitəsi faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün zəmin yaradıldı. O vaxtkı Azərbaycan rəhbərliyinin qeyri-adekvat davranışı münaqişənin qarşısını vaxtında almağa imkan verməyib. 1992-ci ilin may ayında Şuşa və Laçının itirilməsi, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı”.
   Prezidentin çıxışı həm daxili auditoriyaya, həm Ermənistan ictimaiyyətinə, həm də beynəlxalq ictimai rəyə hesablanıb. Prezident daxili auditoriyanı həm XX əsrin əvvəllərinin, həm də 1988-ci ildən sonrakı dövrün səhvləri haqqında məlumatlandırır, beynəlxalq ictimai rəyi həqiqətlərlə maraqlanmağa məcbur edir, Ermənistan ictimaiyyətini isə miflərdən xilas edib tarixi, hüquqi və ordumuzun yaratdığı hərbi reallıqları qəbul etdirməyə çalışır. Prezident çıxışında Dağlıq Qarabağ münaqişəsinin həm tarixi, həm də hüquqi incəliklərini müfəssəl izah edir.
   Minsk qrupu haqqında fikirlərini bildirən ölkə başçısı qeyd edib ki: "Minsk qrupunun fəaliyyətinə müsbət qiymət vermək olmaz. Minsk qrupu işğalçıya təzyiq etməyib və etmək də istəməyib. Minsk qrupu həmsədri olan üç ölkə məsələni həll etmək istəsəydi, Ermənistana sanksiyalar tətbiq edərdi. Minsk qrupu həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir, istənilən məsələni həll edə bilərlər. Minsk qrupu Ermənistanın qanunsuz məskunlaşma aparmasına etiraz etməyib. Qanunsuz məskunlaşma beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarına ziddir. Minsk qrupunun cinayətə susması torpaqlarımızı erməniləşdirməyə, Azərbaycan mədəni irsini silməyə təşviq mesajıdır. 28 il ərzində danışıqların imitasiyası olub. Bununla Azərbaycanı vəziyyətlə barışmağa sürükləyirdilər ki, yeni reallıqlar yaranıbdır, siz də hesablaşmalısınız”.
   Dövlət başçısının da vurğuladığı kimi: "Öz torpaqlarını işğalçılardan azad etməyə başlayan Azərbaycana böyük təzyiq göstərirlər. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirir. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Minsk qrupunun bütün fəaliyyəti indi təcavüzkar, Xocalı soyqırımını törədən, Gəncəni ballistik raketlərlə bombalayan Ermənistanı xilas etməkdir”.
   Ölkə rəhbərinin də bildirdiyi kimi: "Vasitəçi neytral olmalıdır. Neytral deyilsə, öz namizədliyini geri götürməlidir. Müstəqilliyimizin ilk mərhələsində Minsk qrupunun həmsədri olan Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz edir və bu sanksiyalar bu günə qədər qüvvədədir. Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasında digər üzv ölkələrə böyük təzyiqlər edərək yeni sənəd qəbul olunmasına çalışıb. Məqsəd 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələri qüvvədən salmaq olub. Bu yenə də işğalçıya dəstək göstərilməsi cəhdidir. Qoşulmama Hərəkatına üzv ölkələr buna imkan vermədilər, bizə dəstək göstərdilər. Bütün başqa məsələlərdə maraqları daban-dabana zidd olan ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ məsələsində mövqelərinin üst-üstə düşməsi sual doğurur”.
   Ölkə Prezidentinin söylədiyi fikirlərdən də bir daha aydın olur ki, Minsk qrupunun fəaliyyəti Azərbaycana işğal faktını qəbul etdirməyə hesablanıb. Minsk qrupunun üzvlərindən Fransa açıq şəkildə ermənipərəst mövqe tutur, parlamenti erməni soyqırımını tanıyır, ölkədə islamofobiya və türkofobiya dövlət siyasəti səviyyəsinə qaldırılıb, son hadisələr zamanı isə erməni feykləri beynəlxalq gündəmə Fransa prezidenti vasitəsilə gətirilir. Rusiya Ermənistanı silahlandırır, hətta atəşkəs vaxtı belə təcavüzkarı silahlandırmaqda davam edir. ABŞ uzun illər Dağlıq Qarabağdakı işğalçı rejimə birbaşa yardımlar ayırıb, prezidentliyə namizədlər ABŞ-dakı erməni əsilli seçicilərin maraqlarını ABŞ-ın regiondakı maraqlarından üstün tutur, Azərbaycana qarşı 907-ci düzəliş tətbiq edib. Beləliklə, heç bir həmsədr Azərbaycana qarşı qərəzsiz  deyil. Azərbaycandakı siyasi partiyalar və ictimai–siyasi fəallar Minsk qrupunun fəaliyyətinə etiraz edirlər. Qoşulmama Hərəkatının verdiyi dəstək Azərbaycanın müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq etməsinin, çoxvektorlu diplomatiyasının effektivliyini də sübut etdi. Eyni zamanda göründü ki, əsasən Qərbin dominantlığı ilə yaranmış müasir dünya nizamı əbədi deyil, "dünya 5-dən daha böyükdür”.
   Atəşkəs rejimi Ermənistan tərəfindən daim pozulur. Bunu ölkə başçısı xalqa müraciətində bir daha vurğulayıb: "Oktyabr ayının 10-da birinci atəşkəs qüvvəyə mindi. Azərbaycan tərəfi həlak olanların cəsədlərinin, girovların, əsirlərin dəyişdirilməsi üçün  buna razılıq vermişdi. Ancaq Ermənistan bir gün keçməmiş bu atəşkəsi namərd şəkildə, gecə vaxtı Gəncəni bombalamaqla kobudcasına pozdu. İkinci atəşkəsoktyabrın 17–də  elan olundu. Yenə də iki dəqiqədən sonra Ermənistan atəşkəsi pozdu. Oktyabrın 26-sı səhər saat 8-dən üçüncü atəşkəs elan olunub. Ancaq səhər saat 9-da artıq atəşkəs Ermənistan tərəfindən pozuldu. Hər bir pozuntu qeydə alınır, dərhal ATƏT-in nümayəndəsinə və atəşkəsdə maraqlı olan digər ölkələrə göndərilir ki, baxsınlar, ermənilər atəşkəsi nə qədər pozublar”.
   Azərbaycan məsələnin hərbi-siyasi yollarla həllinə hazırdır. Hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini reallaşdırmalıdır.  Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycan xalqı da tolerant xalqdır. Hərbi mərhələnin başa çatması üçün azərbaycanlılar Şuşaya, Xankəndinə, əvvəllər yaşadığı bütün başqa yerlərə qayıtmalıdır. Erməni əhali üçün şərait yaradılacaq, yavaş-yavaş bir yerdə yaşamağı öyrənməliyik. Azərbaycan Prezidentinin bu yanaşması həm əxlaqa, həm beynəlxalq hüququn normalarına əsaslanır.
   Ermənistanın hərbi itkiləri barədə məlumat verən ölkə başçısı bildirib ki: "252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda. 50 piyadaların döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd. 251 müxtəlif çaplı top məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275. 61 minaatan məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106. 53  tank əleyhinə vasitə məhv edilib. 82 "Qrad” qurğusu məhv edilib. 2 "Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 "TOS” məhv edilib. Zenit-raket kompleksləri - 4 "TOR”, 40-a yaxın "OSA”, 4 "KUB”, 1 "KRUQ”, 2 "S-125” qurğusu məhv edilib. "S-300” ən bahalı qurğulardan biridir, 6 "S-300” atıcı qurğusu məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator. Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, "Toçka-U” biri məhv edilib. Yük avtomobilləri – 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Toplam 404 yük avtomobili”.
   Bu rəqəmlər sadəcə itki və qənimətləri əks etdirmir, Ermənistanın çöküşünün sürətlənməsini və onun süni yolla ayaqda saxlamağa çalışan dünya güclərinin ikili standartlarını əks etdirir. "Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanmış və 1992-ci il noyabrın 9-da qüvvəyə minmişdir. Sənəd üzv dövlətlərin silahlı qüvvələrindəki hərbi texnika və silahların sayını məhdudlaşdırmaqla yanaşı, sayı artıq olan texnikanın azaldılma mexanizmlərini də göstərirdi. SSRİ-nin Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi əsasında mövcud olan kvotasını bölüşdürərkən Ermənistan və Azərbaycanın hər birinin payına 220 tank, 220 zirehli döyüş maşını, 285 artilleriya qurğusu, 100 döyüş təyyarəsi və 50 zərbə helikopteri düşmüşdü. İndiyədək Yerevan kvotanın pozulmasını inkar edirdi. Beynəlxalq hesabatlara görə, Ermənistanın aldığı silahların böyük hissəsi Dağlıq Qarabağda anbarlarda gizlədilib. Ortaya çıxan hərbi texnikanın siyahısı Ermənsitanın və onu silahlandıranların müqavilənin şərtlərini kobud şəkildə pozduğunu göstərir. Bu günlər Ermənistan tərəfindən humanitar yardım adı altında mülki aviasiya vasitəsilə Ermənistana silahların daşınması həyata keçirilir. 1944-cü ildə Çikaqoda qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 4-cü maddəsinə görə, Konvensiyaya tərəf olan hər bir dövlət mülki aviasiyadan Konvensiyaya uyğun olmayan məqsədlər üçün istifadə etməməlidir.
   Ölkə rəhbəri bildirib ki, Azərbaycan tərəfi bir tərəfdən atəşkəs deyib digər tərəfdən Ermənistana silah göndərilməsinə səssiz qalmayacaq. Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun! BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Ermənistanın havadarları bu saxta dövləti xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın. Bir sözünüzlə çıxa bilər, bir sözünüzlə. Kimin günahı var, o cavab verir və Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır. Xocalı soyqırımını törədən cinayətkarlar son bir ay ərzindəki bu döyüşlərdə artıq məhv edildi. Ədalət zəfər çaldı. Azərbaycan xalqı bu münaqişədə ədalətsiz mövqe tutanları unutmayacaq. Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər. Dünya artıq əvvəlki dünya deyil, güc amili ön plana çıxır. İndi böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoymur, BMT Təhlükəsizlik Şurasına məhəl qoymur, istədiklərini edirlər. Halbuki biz  beynəlxalq hüququn kənarında heç bir addım atmırıq. Ermənistan torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Axıra qədər gedəcək, düşməni bundan sonra da qovacağıq. Çünki biz haqlıyıq və biz güclüyük. Heç bir qüvvə Azərbaycanı yolundan döndərə bilməz. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıbdır. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq! Azad olunmuş kəndlərdən bir şey qalmayıb. Azərbaycan xalqının, dövlətinin onları bərpa etməyə gücü çatacaq. Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
   Prezidentin xəbərdarlıqları kifayət qədər konkret və ünvanlıdır. Beynəlxalq hüquqa, xalqın həmrəyliyinə söykənir. Gələcəkdə Azərbaycanda iqtisadi maraqları olan dövlətlər ədalətli mövqe tutmayacaqları halda əməkdaşlıq edilməyəcəyi haqda xəbərdar olunurlar. Bu, ikinci Qarabağ müharibəsi başlayandan Prezidentin xalqa 5-ci müraciəti idi, amma bu dəfə daha sərt və açıq danışdı.  Prezidentin həmsədrləri – Bakıya təzyiq edən, müharibəni dayandırmağımızı istəyən, Ermənistanı silahlandıran böyük dövlətlərin açıq şəkildə ifşa etməsi cəbhədəki vəziyyətə uyğundur. Son müraciətdə bu qədər emosional notlarla köklənmiş çıxış həlledici məqamın yetişdiyini göstərir. Prezident müraciətdən bir gün əvvəl Mərkəzi Komanda Məntəqəsində keçirilən müşavirədə yubanmaları tənqid etməsi ilə orduya "vaxt itirməyin” göstərişi verərək, düşmənə son zərbəni hazırlayır. Həlledici məqamda mane olacaq ölkələrə də F-16-ları xatırlatmaqla son mesajını göndərir. Bir daha məlum oldu ki, işğala son qoymaq üçün sona qədər gedəcəyik: ola biləcək danışıqlar, yaxud atəşkəs sadəcə formal xarakter daşıyacaq, masada müzakirə gedərkən, əsgər cəbhədə döyüş tapşırığını yerinə yetirir. Vətən müharibəsi qələbəyə qədər davam edəcək. İlham Əliyev cənabları bir ay ərzində itirilmiş torpaqların mühüm hissəsində ölkəsinin bayrağını, xalqının milli ruhunu, qürurunu, özünə inamını, Ali Baş Komandanı olduğu ordusunun qüdrətini, Prezidenti olduğu ölkəsinin nüfuzunu, master-klass səviyyəsində müsahibələri ilə beynəlxalq imicini, xalqa müraciətlərində isə xalqın qəlbindəki məqamını ucaltdı.                                                                                                              

Keçidlər