Balakəndən cəbhə zonasına sovqat göndərilib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda haqq mübarizəsi aparan Şanlı Ordumuza dəstək aksiyasına Balakən rayonu da qoşulub.
Hər il ənənəvi olaraq keçirilən, bu il isə koronavirus pandemiyası səbəbindən baş tutmayan “Xurma festivalı” bu il ön cəhbəyə sovqatların göndərilməsi ilə yadda qaldı.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Balakənə məxsus, “Xurma festivalı” nda nümayiş etdirilən kənd təsərrüfatı məhsullarından ibarət sovqat cəbhə zonasına göndərilib. Kampaniyaya qoşulanlar Ordumuzun təminatının yüksək səviyyədə olduğunu bildiklərini qeyd edərək vurğulayıblar ki, əsas məqsədləri bu cür kampaniyalarla əsgərlərimizə mənəvi dəstək olmaqdır. Bu məqsədlə də sovqatların göndərildiyi qutuların içərisinə qəhrəman əsgərlərimizə öz ürək sözlərini də yazmağı unutmayıblar, məğrur Azərbaycan Ordusuna bu haqq-ədalət savaşında sonsuz uğurlar və möhtəşəm qələbə arzulayıblar.
Balakən Rayon İcra Hakimiyyəti olaraq təşəbbüsə qoşulanlara təşəkkür edirik.
İgid əsgər, qələbə sənindir! Qarabağ Azərbaycandır!