Şriftin ölçüsü :

Saytın rəngi :

Üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda qürurla, vüqarla dalğalanır

09 noyabr 2020 | 16:00

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
   Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
   Suverenliyimizin rəmzi, qürur və güvənc yerimiz üçrəngli bayrağımız bu gün qürurla illərdən bəri düşmən tapdağı altında qalan torpaqlarımızda dalğalanır, xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir.
   30 ilə yaxındır, üçrəngli bayrağımızın təcavüzkar qonşularımızın işğal etdiyi torpaqlarda dalğalanacağı günü gözləyirdik. İllərlə arzuladığımız, həsrətlə gözlədiyimiz bu gün artıq reallığa çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü inamla davam etdirir, özünütəsdiqin simvolu kimi bayrağımızı tarixi torpaqlarımıza sancır.

Keçidlər