Balakənlilər Dövlət Bayrağı Gününü böyük coşqu ilə qeyd ediblər
Balakənlilər Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin erməni işğalından azad edilməsi və Dövlət Bayrağı Gününü böyük coşqu ilə qeyd ediblər.
Əlamətdar günlər münasibətilə noyabrın 9-da Balakən şəhərində bayraq yürüşü keçirilib. Yürüşdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və yüzlərlə gənc iştirak edib.
Bayraq Muzeyinin qarşısından Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə start götürən ümumrayon yürüşünün iştirakçıları dövlət atributlarımızdan olan Azərbaycan bayrağına hörmət və ehtiramlarını bildirib, doğma Vətənimizə, onun ayrılmaz tərkib hissəsi olan Qarabağa, torpaqlarımızın bölünməzliyinə, şəhidlərimizin ölməzliyinə dair şüarlar səsləndiriblər.
Sonra yürüş iştirakçıları “Şəhidlər xiyabanı”na gələrək ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid olmuş igid həmyerlilərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.