Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qazandığı tarixi Qələbə ilə öz gücünü, qüdrətini bütün dünyaya bir daha göstərdi

11 noyabr 2020 | 16:00

İşğalçı Ermənistan sentyabrın 27-də başladığı müharibəyə 44 gün davam gətirə bildi. Bu müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Azərbaycan Ordusu bir daha dünyanın 50 ən güclülərindən biri olduğunu təsdiqlədi. Xarici havadarlarına güvənən düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Özlərini güclü, qüvvətli hesab edən Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. Nəhayət diz çökdü.
   Buna qədər də Ermənistan rəhbərliyi 3 dəfə ağ bayraq qaldırmışdı. Əgər Paşinyan əvvəllər Azərbaycana heç bir güzəştin olmayacağını bəyan edirdisə, indi ağ bayraq qaldırıb təslim oldu. Düşünülmüş hərbi əməliyyatlar, ordumuzun peşəkarlığı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin əzmi, qətiyyətli siyasətçi və dövlət başçısı olması bir daha özünü büruzə verdi. Ermənistanın havadarları olan dövlətlər və böyük güclər tərəfindən təzyiqlərə baxmayaraq, dövlətimizin başçısı öz prinsipiallığını və qəti əzmini bir daha nümayiş etdirdi. Möhtərəm Prezidentimiz bir daha sübut etdi ki, Azərbaycanın milli maraqları onun üçün ən ali dəyərdir.
   Azərbaycan Ordusu Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə bir daha dünyaya sübut etdi ki, bir qarış da olsun torpağımız işğalda qalmayacaq. Noyabrın 10-da Ermənistanın rəsmən təslim olması da bunu təsdiqlədi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi.
   Noyabrın 10-u Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu. Həmin gün Azərbaycanın Ermənistan üzərindəki qələbəsi rəsmən elan olundu. Dövlətimizin başçısı İlham Əliyev həmin gün xalqa müraciətində də bunu xüsusi vurğuladı: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar”.
   Dövlətimizin başçısı bu bəyanatın bizim şanlı qələbəmiz olduğunu və bu müjdəni Azərbaycan xalqına verdiyinə görə çox şad olduğunu bildirdi. Bu bəyanatın imzalanmasının səbəblərindən biri düşmən üzərindəki parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir. Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Bizim Şuşaya qayıtmamız, Şuşanı qaytarmamız Ermənistanın məğlubiyyətini reallaşdırdı. Artıq həm Şuşaya, həm də işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, özlərinə yeni ev-eşik quracaq və doğma ata-baba yurdlarında təhlükəsiz yaşayacaqlar. Müzəffər Ali Baş Komandanımız yenilməz ordumuzun gücü ilə 30 illik yurd həsrətinə son qoydu.
   Dövlətimizin başçısı bir daha bəyan etdi ki, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması üçün bundan sonra da əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq. İndi bütün dünya görür ki, mənfur düşmən bu torpaqları hansı vəziyyətə salıb. Vəhşiləşmiş ermənilər bütün binalarımızı dağıdıb, tarixi abidələrimizi məhv edib, muzeylərimizi talan edib. O cümlədən təbiətimizə böyük ziyan vurulub, məscidlərimiz dağıdılıb, təhqir edilib. Azad edilmiş torpaqlarda dağıdılmış məscidlərdə vəhşi düşmən bizi təhqir etmək, qürurumuza toxunmaq üçün donuz saxlayırdı. Amma biz onların qisasını artıqlaması ilə aldıq. Xocalı qurbanlarının da, bütün şəhidlərimizin də qisasını aldıq.

Keçidlər