Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni reallıq: Azərbaycanın Qələbəsi, Ermənistanın kapitulyasiyası

14 noyabr 2020 | 16:00

44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir. Şuşa şəhərinin, Kəlbəcər, Ağdam, Laçın rayonlarının,Hadrut qəsəbəsinin geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir Azərbaycan Prezidenti status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diktə edir.
   Azərbaycan Respublikasının Prezidenti,  Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır. Bəyanat tam Azərbaycanın maraqlarına uyğun hazırlanıb və imzalanıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə regiona gələn Rusiyanın sülhməramlı kontingenti olduqca məhdud saydadır. İlk 5 ilin tamamına 6 ay qalmış tərəflərin hansısa biri sülhməramlıların fəaliyyətinə xitam verilməsini tələb edərsə, onlar ərazini tərk edəcəklər. Rusiya sülhməramlıların fəaliyyət coğrafiyası və fəaliyyət qaydaları Azərbaycanla razılaşdırılaraq müəyyən edilib. Ən vacib məqamlardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Türkiyə mərkəzdə təmsil olunur. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq.
   Qarabağa heç bir status verilmir. "Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur, tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində vətənin keşiyini çəkə biləcək. Laçının tam azad edilməsindən sonra Dövlət Sərhəd Xidməti Azərbaycanın ümumi uzunluğu 3360 km. olan bütün su və quru sərhədində vətənimizin keşiyini çəkə biləcək.
   Hazırda Ermənistan 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır, idarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakətə sürükləyir .Ermənistan iqtisadiyyatı tam çöküb, ölkənin xarici borcu artıb, əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb. Erməni diasporasıtərəfindən göndərilən vəsaitlərin və yardımın mənimsənilməsi, əhaliyə və orduya çatmaması geniş müzakirə olunur. Ermənistan ordusu darmadağın olub, əksər hərbi texnika məhv edilib. Orduya çağırılacaq canlı qüvvə yoxdur. Ermənistanda az-çox normal ordu yaratmaq və onu təchiz etmək üçün onilliklər lazımdır.
   Qlobal məsələlərlə bir-birinə qarşı daim antaqonist mövqe tutan həmsədr ölkələr, maraqlıdır ki, Qarabağ məsələsində eyni mövqedən çıxış edirdi. Bu mövqe Azərbaycanı işğalın nəticələri ilə barışmağa, Azərbaycan xalqının iradəsini sındırmağa və Dağlıq Qarabağda,ətraf 7 rayon daxil olmaqla, ikinci erməni dövlətinin yaradılmasına dəstək verirdilər.
   Sentyabrın 27-də Ermənistanın ardıcıl təxribatlarını dayandırmaq üçün Azərbaycanın həyata keçirdiyi əks-hücum həmlələrindən narahat olan vasitəçilər, xüsusilə Fransa ciddi cəhdlərlə bu prosesi dayandırmağa çalışdı. Prezident Makronun Rusiya, ABŞ rəhbərliyi ilə təmasları, ardıcıl Azərbaycan Prezidentinə zənglər etməsinin məqsədi də Ermənistanı tam iflasdan qurtarmaq idi. Təsadüfi deyil ki, sonda Fransa XİN öz simasını tam ifşa edərək açıq ermənipərəst bəyanat da yaydı. Azərbaycanda da Ukraynaya, Gürcüstana münasibətdə tətbiq edilən ssenariləri işə salmaq cəhdləri var idi. Azərbaycan Prezidenti diplomatik səriştəsi, liderlik keyfiyyətləri, Rusiya ilə qurduğu yüksək səviyyəli münasibətlər nəticəsində bu planları da pozmağa nail oldu.
   Türkiyənin qəti mövqeyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmişdir. Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir.
   Düşmən Azərbaycan xalqına nifrət hissi ilə yaşayıb, yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr,  qəbirlər və məscidlərin 99 faizi dağıdılıb. Düşmənin törətdiyi  hərbi cinayətlərin uçotu və  dəymiş ziyanın hesablanması üçün araşdırma aparılır, beynəlxalq ekspertlər dəvət ediləcək. Vətəndaşlarımızın itirilmiş mülkiyyəti bərpa ediləcək.
   Bu gün Azərbaycan Prezidenti xalqımıza böyük ağrılar yaratmış həmin səhvləri yüksək siyasi iradəsi, mətinliyi, yüksək diplomatik səriştəsi ilə aradan qaldırdı. Radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də xəyanət və riyakarlıq yolunu tutur.
   Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-danartıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları  alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.  Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi .Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.  Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

Keçidlər