Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
Laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır. Həmçinin biz çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytaraq.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də xalqa müraciəti zamanı deyib.
Cənab Prezident bildirib ki, Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir, ərazisi 1800 kvadratkilometrdir. Laçın rayonunun zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri bizim milli sərvətimizdir. Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır.
Laçın rayonu Azərbaycan Respublikası BMT-yə üzv qəbul edildikdən (1992-ci il martın 2-si) 77 gün sonra - mayın 18-də işğal edilmişdi. Azərbaycanda səngimək bilməyən daxili siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə bir tərəfdən erməni işğalçılarının cəbhədə yolunu açır, digər tərəfdən işğal faktlarını BMT-yə, dünyanın diqqətinə çatdırmaq imkanlarını məhdudlaşdırdı.
İşğaldan əvvəl 217 mədəniyyət müəssisəsi,142 səhiyyə obyekti, 133 idarə və müəssisəsi,100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisəsi, 5 musiqi məktəbi, 1 internat məktəbi,1 orta texniki peşə məktəbi və 1 rabitə müəssisəsi var idi. İşğal olunmuş rayonun yerli əhalisi son statistikaya görə 80 mindən çoxdur, laçınlılar respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmışlar.
Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı. Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonumuzu - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi, düşməni darmadağın etdi və Ermənistanı dərin böhrana saldı. Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət götürdüyü düşmənə məxsus hərbi texnikanın qiyməti bir neçə milyard dollardır. Bu, xarici borc içində üzən Ermənistan üçün böyük zərbədir.
Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu, bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı.
Azərbaycan Respublikası Laçın dəhlizi üzərində suveren haqlarını kimsəyə təslim etməyib, dəhlizdə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkəti rəsmi Bakının təhlükəsizlik zəmanəti altındadır. Laçın dəhlizi Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə verilən zəmanətə adekvatdır. Sonuncu dəhliz Azərbaycanla Türkiyəni quru yolla birləşdirir ki, bu da Vətən müharibəsində ikiqat Qələbənin nəticəsidir.