Balakəndə dən qarğıdalı istehsalı 2 min tondan çox artıb
Balakən rayonunun təsərrüfatlarında bitkiçilik məhsullarının yığımı başa çatıb. Balakənli fermerlər bu il qarğıdalı sahələrindən rekord miqdarda – 46 min 288 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 61,6 sentner məhsul götürülüb. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 2 min 115 ton artıb.
Bildirilib ki, bu il rayonda 1943 hektar sahədə tərəvəz yetişdirilib. Torpaq mülkiyyətçiləri cari mövsümdə tərəvəz sahələrindən 27 min 955 ton məhsul tədarük ediblər. Hər hektarda orta məhsuldarlıq 143,9 sentner olub. Məhsuldarlıq ötən illə müqayisədə hər hektara görə 12,7 sentner artıb. Fermerlər builki mövsümdə 607 hektar kartof sahəsindən 5 min 801 ton məhsul götürüblər. Hər hektarda məhsuldarlıq 95,6 sentner təşkil edib. Kartof istehsalı əvvəlki illə müqayisədə 205 ton artıb.
Bundan əlavə, cari təsərrüfat ilində rayonda 4 min 542 ton dənli bitkilər, 33 min 102 ton meyvə və giləmeyvə, 4 min tondan çox bostan bitkiləri, 646 ton quru tütün istehsal olunub.