Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Bankı: Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir

21 dekabr 2020 | 16:00

Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən Doing Business Hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilmişdir.
   Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda 3 istiqamətdə aparılmış islahatların (“elektrik təchizatı şəbəkələrinə qoşulma, “müqavilələrin icrası”, “sərhəddə ticarət” indikatorları üzrə)“Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilmədiyi və daha az balla qiymətləndirildiyi məlum olmuşdur. Qeyd edək ki, müvafiq diaqnostik qiymətləndirmə 4 ölkəni - Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çini əhatə etmişdir.
   Qeyd edək ki, müvafiq düzəlişlərdən sonra “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılıb. Bununla da, ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlmişdir. Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilib. Qeyd edək ki, “Doing Business 2019” hesabatında da Azərbaycan “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilmişdi.
“Elektrik təchizatı şəbəkələrinə qoşulma” indikatoru üzrə
   Bu indikator vasitəsi ilə elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə ərizələr, elektrik enerjisi müəssisələri ilə müqavilələr, elektrik paylayıcı şirkətlər və digər agentliklər tərəfindən bütün zəruri yoxlamalar və icazələr, habelə  xarici və yekun qoşulma işləri və s. üzrə islahatların aparılması ölçülür. Müvafiq istiqamətdə coğrafi informasiya sisteminin kommunal sistemdə tətbiqi islahatı sahəvi yoxlamaların aparılması zərurətini aradan qaldırmış və müvafiq sənədləşmələrin aparılması müddətinin azalmasına səbəb olmuşdur. Xüsusilə, texniki şərtlər üçün sahəvi müayinələrin aparılması proseduru ləğv edilmiş və texniki şərtlərin qəbul edilməsinə olan müddət azaldılmışdır.
Müqavilələrin icrası indikatoru üzrə
   “Doing Business” hesabatı “Hüquqi proseslərinin keyfiyyəti indeksi” vasitəsi ilə hər bir ölkənin öz məhkəmə sistemində aşağıdakı dörd sahə üzrə yaxşı təcrübələri tətbiq edib-etmədiyini müəyyən edir: məhkəmə strukturu və prosesləri, məhkəmə işinin idarə edilməsi, avtomatlaşdırılmış məhkəmə sistemi və mübahisələrin alternativ qaydada həlli. Müvafiq sub-indikator üzrə aparılmış diaqnostik yoxlamalar nəticəsində Azərbaycanın göstəricisi 6,5 baldan 10,5 bala kimi artırılmışdır.
Sərhəddə ticarət indikatoru üzrə
   “Doing Business" hesabatı ixrac və idxal olunan məhsulların daşınma prosesi ilə bağlı vaxt və xərcləri qeydə alır, mal partiyasının ümumi idxal və ixrac prosesində üç prosedur qrupu (sənədlərlə bağlı tələblərə əməletmə, sərhəddə tələblərə əməletmə və yüklərin ölkədaxili daşınması) ilə bağlı vaxt və xərcləri qiymətləndirir. Sərhəddə ticarətin asanlığı baxımından ölkələrin reytinqi onların sərhəddə ticarət indikatoru üzrə ballarının sıralanması əsasında müəyyən edilir. Müvafiq indikator üzrə audit qrupu tərəfindən aparılmış araşdırmalar nəticəsində “ixraca sərf olunan müddət: sərhəd prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 12, “idxala sərf olunan müddət: sərhəd prosedurları (saat)” sub-indikatoruüzrə müddətin 4, “ixraca sərf olunan müddət: sənədləşmə prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 28,5, “idxala sərf olunan müddət: sənədləşmə prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 26 saat, “ixraca sərf olunan məbləğ: sənədləşmə prosedurları (ABŞ dolları)” sub-indikatoru üzrə xərcin 150 ABŞ dolları kimi olması təsbit olunmuşdur.Qeyd edək ki, müvafiq sub-indikatorlar üzrə göstəricilər daha öncə hesabatda 17, 14, 33, 33 saat və 250 ABŞ dolları kimi qiymətləndirilmişdi.
   Beləliklə, Dünya Bankı tərəfindən aparılmış yeni qiymətləndirmə ölkədə “sərhəddə ticarət” prosedurlarında idxal deklarasiyası, ixrac gömrük sənədləşmələrinin sadələşməsi üzrə mühüm islahatların aparılmasını bir daha təsdiq etmişdir.

“Doing Business 2020” hesabatında Azərbaycanın mövqeyi üzrə yenilənmiş qiymətləndirmə Cədvəli
İndikatorlar Daha öncə nəşr
olunmuş hesabat
üzrə mövqe Müvafiq düzəlişdən
sonrayekun göstərici
Elektrik təchizatı şəbəkələrinə qoşulma
- prosedurların sayı 7 5
- müddət (günlər) 41 32
Müqavilələrin icrası
- hüquqi proseslərinin keyfiyyəti indeksi 8 10,5
Sərhəddə ticarət
- ixraca sərf olunan müddət: sərhəd prosedurları (saat)” 17 12
- idxala sərf olunan müddət: sərhəd prosedurları (saat) 14 4
- ixraca sərf olunan müddət: sənədləşmə prosedurları (saat)” 33 28,5
- idxala sərf olunan müddət: sənədləşmə prosedurları (saat) 33 26
- ixraca sərf olunan məbləğ: sənədləşmə prosedurları (ABŞ dolları) 250 150

   Dünya Bankının aidiyyatı daxili nəzarət qurumları ölkələrin hesabatdakı mövqeyinə və işgüzar imicinə xələl gətirmiş bu uyğunsuzluqlara yol vermiş bankın məsul şəxsləri barədə Bankın Biznes Etikası qaydalarına uyğun inzibati tədbirlər görəcəkdir.

Keçidlər