Balakəndə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən otuz bir il ötür. Qanlı faciədən uzun illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu vəhşiliyi törədənlərə dərin nifrətini bildirir.
Müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda, xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin ildönümü Balakən rayonunda xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd olunub.
Yanvarın 20-də rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri Balakən şəhərindəki Şəhidlər xiyabanına gələrək Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsini ehtiramla yad edib, abidənin önünə qərənfillər düzüblər. Daha sonra rayon ictimaiyyətinin nümayəndələri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, şəhidlərin xatirəsinə dərin ehtiramlarını bildirib, müqəddəs ruhları qarşısında baş əyiblər.
Saat 12:00-da rayonun bütün yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məscidlərdə şəhidlərin ruhuna dualar oxunub.