Şriftin ölçüsü :

Saytın rəngi :

Azad edilmiş torpaqlarla bağlı hədəflər

03 fevral 2021 | 16:00

Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün yaradılan şərait dünyaya nümunə olacaq.
   Bu sözləri Abşeron Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanışlıqdan sonra Prezident cənab İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibə zamanı deyib.
   Azad edilmiş torpaqların bərpası ilə bağlı dövlət başçısı tərəfindən bir çox mühüm qərarlar qəbul edilib, qərargah yaradılıb. Hazırda minalardan təmizləmə aparılır. Bu, böyük prosesin aparılması məqsədilə ANAMA yenidən qurulur. Minalar təmizləndikdən sonra dəymiş ziyan qiymətləndirilməlidir, əks halda qaldırılacaq təzminat davasında uğur qazanılmayacaq. Beynəlxalq şirkətlər özləri tədqiqat aparacaq və Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər.“Ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası əsasında bütün şəhərlərin baş planları hazırlanır. Bu işlər görüldükdən sonra infrastruktur layihələri icra ediləcək. Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları tikiləcək. Beləliklə, keçmiş köçkünlərin azad olunmuş torpaqlara qayıtması təmin ediləcək.
   Ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bilməlidirlər ki, Ermənistan Azərbaycan torpaqlarını zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb. Müasir dünya ikinci belə vəhşilik görməyib. Əliyalın insanları yandırıblar, öldürüblər, uşaqları yandırıblar. Bütün binaları, məscidlərimizi dağıdıblar. Onlar hesab edirdilər ki, bütün evlər yerlə-yeksan edilərsə, azərbaycanlılar o torpaqlara qayıtmayacaqlar. Amma Azərbaycanın o faciədən sonra ayağa dura biləcəyini, zəngin təbii ehtiyatlardan səmərəli şəkildə istifadə edib inkişaf edəcəyini görə bilməyiblər. Uzun illər Ermənistan rəhbərliyi və onun havadarları, beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də erməni vandalizmini gizlətməyə çalışıblar.
   Prezident cənab İlham Əliyev bildirib ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. İllər keçdikcə erməni xalqı da bizə minnətdar olacaq ki,onları bu bəladan xilas etmək istədik.
   Ökə başçısı müsahibəsində məmurlara xəbərdarlıq edib. O bildirib ki, ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özünəyeni ofis yaratmaq üçün açıqlamalar verilməsi tamamilə qəbuledilməzdir. Ucuz populyarlıq dalınca qaçanların axırı pis olur. Heç kim özbaşınalıq edə bilməz.
   Mərkəzi Bankın sədri təmsil etdiyi qurumun Şuşada nümayəndəliyinin, “Azəravtoyol”un rəhbəri Şuşada qurumunun regional mərkəzini açmaq üçün müraciət ediblər. AZAL-ın rəhbəri də müraciət edib ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Fövqəladə hallar naziri Şuşada Nazirliyinin Qarabağ regional mərkəzini yaratmaq üçün müraciət edib. Dövlət Sərhəd Xidmətinin rəisi sərhəd xidmətinin Şuşa zastavasını da yaratmaq istəyir.
   Məmurlar dövlət qulluqçusunun etik davranış normalarına əməl etməli, öz yerlərini bilməli, öz işləri ilə məşğul olmalıdırlar. Qarabağın azad olunması ilə dövlət idarəçiliyinə də yeni yanaşma, yeni model gəldiyini hər kəs hiss etməlidir.
   Prezident cənab İlham Əliyev bildirib ki, mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da, məmurlar da bilsinlər. Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm! Bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Artıq gözlər tikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı və əsaslı şəkildə olmalıdır.

Keçidlər