Balakəndə 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsi davam edir
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Balakən rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir. Vaksinasiya prosesinin birinci mərhələsi çərçivəsində fevralın 8-dən etibarən rayonda 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanılıb. Rayon üzrə bu kateqoriyadan olan vətəndaşların sayı 6 min nəfərə yaxındır. İndiyədək 1000-dən çox vətəndaş qeydiyyatdan keçib. Bugünədək 200-dən çox vətəndaş peyvənd olunub və proses davam edir.
Peyvəndləmə kampaniyasına başlanandan indiyədək rayona 1320 doza vaksin gətirilib. İlkin mərhələdə rayonun səhiyyə müəssisələrində çalışan 728 tibb işçisinə peyvəndin birinci dozası vurulub. Peyvəndləmə prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur. Əhalinin peyvəndlənməsi xəstəxananın infeksion şöbəsinin binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir.