Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

26 fevral 2021 | 16:00

Azərbaycan xalqının tarixinə qanla yazılmış Xocalı faciəsindən iyirmi doqquz il ötür. Erməni qəsbkarlarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə, insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir. Bu faciə iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir.
   Xalqımızın yaddaşında tariximizin ən faciəli günlərindən biri kimi dərin iz buraxmış Xocalı faciəsinin ildönümü ilə əlaqədar Balakən Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və digər dövlət qurumlarının rəhbər şəxsləri fevralın 26-da rayon Şəhidlər xiyabanına gələrək Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsini ehtiramla yad edib, abidənin önünə qərənfillər düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
   Erməni millətçilərinin öz havadarlarının köməyi ilə Xocalıda həyata keçirdikləri qətliam miqyasına və dəhşətli nəticələrinə görə insanlığa qarşı ən amansız cinayətlərdəndir. Bu cinayət 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın həyatına son qoyub, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Bu soyqırımı nəticəsində şəhərin mülki əhalisi misli görünməmiş qəddarlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib.
   Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərlə bağlı tarixi hadisələrin ölkə daxilində və ölkədən kənarda tanıdılması məqsədilə görülən işlər dövlətimizin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir. Artıq dünyanın bir çox ölkəsində erməni millətçilərinin törətdikləri Xocalı qırğını soyqırımı aktı kimi tanınır.                          

Keçidlər