Balakən rayonunda cari tədris ilində 11 min nəfərdən çox şagird müasir tipli məktəblərdə təhsil alacaqdır
Sentyabrın 2-də Balakən Mədəniyyət Mərkəzində rayonun təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
Konfransda “2012-2013-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə dinlənilmişdir.
Bildirilmişdir ki, son illər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafı təhsil sisteminin gələcəyi üçün də əlverişli şərait yaratmış, Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Respublikamızda təhsilin zəruri hüquqi bazası yaradılmış, müasir təhsil texnologiyalarının öyrənilməsi, milli zəmində inkişaf etdirilməsi, ümumi təhsilin məzmunu və qiymətləndirilməsi sahəsində yüksək nailiyyətlər qazanılmışdır.
Diqqətə çatdırılmışdır ki, 2012-2013-cü tədris ilində rayonun 49 ümumtəhsil məktəbində 11749 nəfər şagird təhsil almışdır. Onların təlim-tərbiyəsi ilə 1836 nəfər müəllim məşğul olmuşdur.
Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Ötən tədris ilində Qullar, Xalatala, Katex-zavod, Qarahacılı, Qaracabinə və Püştətala kəndlərində ümumi şagird yerlərinin sayı 1120 olan 6 yeni məktəb binası tikilib istifadəyə verilmiş, bir məktəb binası əsaslı təmir olunmuşdur. Hazırda Hənifə kəndində 480, Qazma kəndində 360, Qazbinə, Qullar və Şambul kəndlərinin hər birində isə 220 şagird yerlik yeni məktəb binalarının tikintisi tamamlanmaq üzrədir. Bu təhsil ocaqları yaxın günlərdə istifadəyə veriləcəkdir. Bundan əlavə, Talalar kəndində 2 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisinə hazırlıq işləri aparılır.
Bildirilmişdir ki, son illər rayonda 26 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Görülən tədbirlər nəticəsində cari tədris ilində 11 min nəfərdən çox şagird müasir tipli məktəblərdə təhsil alacaqdır.
Ötən tədris ilində məktəb və digər tədris müəssisələrinə 843 ədəd parta, 72 ədəd rəf, 72 ədəd kitab rəfi, 41 ədəd yazı lövhəsi, 151 ədəd stul və digər avadanlıq verilmişdir. 2013-2014-cü tədris ili üçün bölgü əsasında məktəblərə 73 adda 16410 nüsxə dərslik, məktəb kitabxanaları üçün xeyli sayda metodiki ədəbiyyat verilmişdir. Hazırda rayonun məktəblərində 530 ədəd müasir tipli kompyuter vardır. Rayonun məktəblərində hər 22 şagirdə 1 kompyuter düşür.
Diqqətə çatdırılmışdır ki, builki məzunlardan 215, əvvəlki illərin məzunlarından isə 25 nəfər tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 25 nəfəri 500-dən, 5 nəfər isə 600 baldan yuxarı nəticə göstərmişdir.
Sonda qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələrə, həmçinin qabaqcıl təhsil işçilərinə mükafatlar təqdim olunmuşdur.