Balakən rayon təhsil şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir-A
Sentyabrın 2-də Balakən rayon təhsil şöbəsi üçün inşa edilmiş yeni inzibati binanın açılış mərasimi keçirilmişdir.
Rayon rəhbərliyinin, təhsil işçiləri və ziyalıların iştirak etdiyi mərasimdə çıxış edənlər ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışmışlar. Qeyd olunmuşdur ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları proqramı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər respublikamızda təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, çoxlu sayda yeni məktəb binaları tikilib istifadəyə verilir. Ucqar rayonlardan olan Balakəndə təhsil şöbəsi üçün müasir standartlara uyğun belə bir bina tikilməsi də regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Mərasimdə bildirilmişdir ki, rayon təhsil şöbəsinin əməkdaşları yeni tədris ilini ikiqat sevinclə qarşılayırlar. Onlar artıq müasir avadanlıqla təchiz edilmiş, hər cür şəraiti olan yaraşıqlı binada çalışacaqlar. Bu, yeni tədris ili ərəfəsində təhsil işçiləri üçün əsil bayram hədiyyəsidir.
Binanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları burada yaradılmış şəraitlə yaxından tanış olmuşlar. Məlumat verilmişdir ki, dövlət vəsaiti hesabına inşa edilmiş ikimərtəbəli binanın ümumi sahəsi 480 kvadratmetrdir. Binada 20-dən çox iş otağı, xidməti otaqlar və geniş konfrans zalı vardır.