Ailə dövlətin və cəmiyyətin həyatında mühüm rol oynayır
Cəmiyyətin formalaşması və saflaşmasında ailənin mühüm rolu var. Bu gün ailə məsələləri həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən, prioritet istiqamətlərdən biridir.
Bu fikirlər Beynəlxalq Ailə Günü münasibətilə Balakən rayonunda “Sağlam ailə-sağlam cəmiyyət–güclü dövlət” mövzusunda keçirilən videokonfransda səsləndirilib.
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Balakən Heydər Əliyev Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin, həmçinin digər dövlət qurumlarının əməkdaşları iştirak ediblər.
Videokonfransı Balakən Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Türkan Əliyeva açaraq, Beynəlxalq Ailə Gününün təsis edilməsi, ölkəmizdə dövlət tərəfindən ailələrə göstərilən qayğı, onların sosial müdafiəsi sahəsində görülən işlər barədə geniş məruzə edib. Bildirilib ki, müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdən başlayaraq Azərbaycanda ailə dəyərlərinin qorunması və təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyən olunub.
Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Gövhərət İbrahimova çıxışında milli-mənəvi dəyərlərin qorunaraq gələcək nəsillərə ötürülməsi, valideyn məsuliyyəti, ailədə asayişin qorunması, uşaqların vətənpərvər, böyüklərə hörmət, kiçiklərə qayğı ruhunda tərbiyə olunması və digər məsələlərdən bəhs edib. Diqqətə çatdırılıb ki, ailələrin daha möhkəm və sağlam əsaslar üzərində qurulması, onların firavanlığının təmin edilməsi, güclü ailələrin formalaşması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mühüm tədbirlər həyata keçirilir.
Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov çıxışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına göstərilən diqqət və qayğıdan ətraflı bəhs edib.
Tədbirdə Balakən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva, rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Sərxan Hacıyev, Mədəniyyət Mərkəzinin direktoru Arzu Ocaxverdiyev, DQİDK-nin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elməddin Atakişiyev çıxış edərək, müstəqil Azərbaycanda dövlət ailə siyasətinin formalaşmasının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu, Ulu Öndərin bütün fəaliyyəti boyu Azərbaycan ailələrinin sağlam və xoşbəxt olması, rifahının daha da yaxşılaşdırılması, milli dəyərlər üzərində inkişaf etdirilməsi üçün çalışdığını xüsusi vurğulayıblar.