Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Günü xalqımızın çoxəsrlik tarixinin ən parlaq və şanlı səhifələrindəndir

27 may 2021 | 16:00

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 103 il keçir. Son 30 ilə yaxın bir müddətdə biz ilk dəfə Cümhuriyyətimizin ildönümünü qalib xalq və qalib dövlət olaraq qeyd edirik. Uzun illər boyu işğal altında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilib. Müqəddəs dövlət bayrağımız Şuşada və işğaldan azad edilən digər ərazilərimizdə dalğalanır. Zülmətdə olmuş həmin ərazilərə yeni nəfəs, yeni həyat gəlir...
   Bu fikirlər mayın 27-də Balakən Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən 28 May - Respublika Gününə həsr olunmuş onlayn tədbirdə səsləndirilib.
   Videokonfrans formatında keçirilən tədbirdə RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətindən, xalqımızın dövlətçilik tarixindəki rolundan, Azərbaycan dövlətçilik ənənələrinin uzun tarixi müddətdən sonra bərpasından danışıb. Müasir və müstəqil Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu qeyd edərək, ulu öndər Heydər Əliyevin qətiyyətli, uzaqgörən və müdrik siyasəti ilə Azərbaycanın dövlət müstəqilliyinin dönməz və əbədi xarakter aldığını bildirib. Diqqətə çatdırıb ki, bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub, dünyada sayılıb-seçilən, beynəlxalq tribunalarda öz səsini ucadan səsləndirməyi bacaran bir dövlətə çevrilib.
   Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva, Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, RİH-nin əməkdaşları Türkan Əliyeva, Aynur Omarova, rayon Gənclərin İnkişafı və Karyera Mərkəzinin direktoru Şahin Qarakişiyev çıxışlarında Azərbaycanın dövlətçilik tarixində Xalq Cümhuriyyətinin xüsusi yer tutduğunu vurğulayıb, 28 May - Respublika Gününün xalqımızın qürur günü kimi həmişə qeyd olunacağını bildiriblər.
   Qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin tarixi və siyasi varisidir. Xalq Cümhuriyyətinin yaratdığı ənənələr xalqımızın zəngin dövlətçilik təcrübəsinin mühüm tərkib hissəsini təşkil edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə xüsusi ehtiram göstərib və Cümhuriyyət tarixinin, irsinin öyrənilməsini vacib sayıb. Bu siyasi ənənə Ulu Öndərimizin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verir və Cümhuriyyətə, onun qurucularına böyük hörmət və ehtiram ifadə edən mühüm qərarlar qəbul edib. Dövlət başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi olduqca mühüm bir tarixi hadisədir. Bu Sərəncamın imzalanması və Xalq Cümhuriyyətinin 100 illiyinin təntənəli şəkildə keçirilməsi Azərbaycan dövlətinin öz tarixinə bağlılığını və bu tarixə yüksək dəyər verildiyini göstərir.
   Danılmaz həqiqətdir ki, Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Dövlətimizin başçısının rəhbərliyi ilə bütün sahələrdə islahatların aparılması, ölkəmizin demokratik inkişaf yolunda inamla addımlaması dövlətçiliyimizin və milli maraqların qorunmasına xidmət edir. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, ölkəmizdə sıx xalq-iqtidar birliyi, sarsılmaz milli həmrəylik mövcuddur.                                                                                                   

Keçidlər