Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələ rayonunda keçirilmiş ilk mürəbbə festivalında Balakən rayonunun nümayəndələri iştirak etmişdir.

24 avqust 2013 | 15:00

Avqustun 24-də dünyada ilk dəfə olaraq Qəbələdə mürəbbə festivalı keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri festival Qəbələ şəhərindəki “Qafqaz Resorte” otelinin qarşısında reallaşmışdır.
Festivalı izləyənlər arasında Mədəniyyət və Turizm Nazirliyinin, rayon icra hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbər şəxsləri, Hindistan, Misir və Pakistanın ölkəmizdəki səfirləri, mədəniyyət və incəsənət xadimləri, üç mindən yuxarı yerli və xarici turistlər də olmuşlar.
Qonaqlar əvvəlcə hər rayonun şirniyyatçılarının hazırladıqları süfrələrə yaxınlaşaraq samovar çayı ilə müxtəlif çeşiddə olan mürəbbələrin dadına baxmışlar.
Ölkəmizin mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədi ilə keçirilən birinci Qəbələ mürəbbə festivalında Azərbaycanın bir sıra şəhər və rayonundan, o cümlədən Şəki, Balakən, Qax, İsmayıllı, Ağdaş, Göyçay, Ucar, Zərdab, Yevlax, Oğuz və Qəbələ rayonlarının hər birindən 12 çeşiddə mürəbbə hazırlayan 12 nəfər, habelə həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak etmişlər.
Festival əvvəlcə yarış şəklində təşkil olunmuşdur. Bunun üçün 7 nəfərdən ibarət xüsusi komissiya da yaradılmışdır. Komissiya tərəfindən isə 12 nəfərdən ibarət münsiflər heyəti seçilmişdir. Münsiflər heyətinin tərkibinə müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər ekspertlər daxil edilmişlər.
Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılmışdır.
Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, həmçinin Bakı, Qəbələ və respublikanın digər bölgələrinin bədii kollektivlərinin çıxışları da təşkil edilmişdir.
Münsiflərin rəyi əsasında iştirakçıların gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan iştirakçılar 3 nominasiya üzrə qalib elan olunmuş, onlara pul mükafatı və qiymətli hədiyyələr verilmişdir.
Festival maraqlı konsert proqramı ilə davam etdirilmişdir.

Keçidlər