Balakən rayonunda 26 iyun - Silahlı Qüvvələr günü münasibəti ilə şəhid ailələrinə və müharibə iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilib
26 iyun 2021-ci il tarixdə rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən müxtəlif medallarla təltif olunmuş şəhid və müharibə iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilib.
Mərasimdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyub, “Şəhidlər Xiyabanı”nı ziyarət ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev müzəffər Ordumuzun böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşmənimizi ağır məğlubiyyətə uğratdığını və ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini qeyd edib. Bildirib ki, milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq - iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti nəticəsində qazanılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən Rayon Şöbəsinin rəisi Qabil Rzayev, Rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev, “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid Kamal Məmmədovun anası Zümrüd Məmmədova çıxış edərək bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur.
Şəhid anası Zümrüd Məmmədova şəhid ailələrinin hər zaman ölkə başçsının diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, hər zaman onlara dayaq olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdar olduqlarını bildirib.
Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən müxtəlif medallarla təltif olunmuş Vətən müharibəsi şəhidlərinə və iştirakçılarına medallar təqdim olunub.
Sonda rayon mədəniyyət işçilərinin ifasında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş olunub.