Balakəndə polis işçiləri günü qeyd edilib
İyulun 2-də Balakəndə Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon Polis şöbəsinin əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları öncə Heydər Əliyev adına mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev əlamətdar gün münasibətilə polis işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Vurğulayıb ki, Azərbaycan polisi bu gün dövlətçiliyimizin qorunub möhkəmlənməsində, sabitliyin və əmin-amanlığın qorunmasında böyük fədakarlıq göstərir. Ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğu, ölkəmizin sarsılmaz təməllər üzərində formalaşan ictimai-siyasi sabitlik şəraitində inkişafına, asayişin mühafizəsinə, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına mühüm töhfələr verir.
Sonda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanları verilib.