Balakəndə 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbirlər keçirilib.
Anım Günü ilə əlaqədar Balakən rayonunda Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib. Əvvəlcə rayon rəhbərliyi tərəfindən Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında ucaldılmış Ulu öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Daha sonra birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin və qazilərinin ailə üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, idarə və müəssisə rəhbərləri “Şəhidlər Xiyabanı”nda ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq onları ziyarət etmiş, şəhid məzarları önünə gül dəstələri qoymuş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər. Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Anım Günü ilə əlaqədar olaraq tədbir və fləşmob keçirilmiş, Anım Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Millət vəkili Nəsib Məhəməliyev, şəhid Nəcməddin Sarkayevin anası Tinay Sarkayeva, şəhid Kamal Məmmədovun anası Zümrüd Alqayeva, Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev, ehtiyatda olan mayor Şaban Daşdəmirov, Vətən Müharibəsi qazisi Kamran Puçaxov çıxış ediblər. Çıxışlarda bildirilib ki, 2020-ci il dekabr 2-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabr ayının 27-nin Azərbaycanda Anım Günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Qeyd olunub ki, 44 günlük Vətən Müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə tarixi Qələbə əldə etdi.
Saat 12:00-da tədbir iştirakçıları bütün ölkə ərazisində olduğu kimi Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Gün ərzində növbəlilik əsasında idarə və müəssisələrin kollektivləri “Şəhidlər Xiyabanı”nı ziyarət etmişlər.
Anım Günü ilə əlaqədar Balakən rayonu ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub, aksiya çərçivəsində 400 ədəd ağac əkilmişdir. Həmçinin Balakən Mərkəzi Cümə məscidində din xadimlərinin iştirakı ilə namaz qılınıb, şəhidlərin ruhuna dualar oxunub.