Akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Aprelin 28-də Balakən Rayon İcra Hakimiyyəti və Akademik Zərifə Əliyeva adına şəhər 3 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Zərifə xanım Əliyevanın büstü önünə gül dəstələri qoyub, məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2022-ci il 3 noyabr tarixli Sərəncamına əsasən akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi ölkəmizdə geniş qeyd edilir. Zərifə xanımın timsalında biz qadının zərifliyi ilə qüdrətinin birləşməsinin, Azərbaycan qadınlarının ən yaxşı keyfiyyətlərinin unikal vəhdətini görürük. O, həm də xalqımızın milli-mənəvi dəyərlərinin zənginləşməsinə özünün əvəzsiz töhfələrini verib. Azərbaycanın tanınmış simalarından olan, tibb tariximizdə silinməz iz qoymuş Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, Vətən naminə gördüyü böyük işləridir. Qayğıkeş həkim Zərifə xanım Əliyevanın həyat yolu nümunə göstərilə biləcək qədər mənalı, zəngin olub. Qaranlıq gözlərə nur paylayan, oftalmologiya elmində xüsusi dəst-xətti ilə iz qoyan akademik əməlləri ilə əbədiyaşarlıq qazanmışdır.
Qeyd edilib ki, Zərifə xanım Əliyeva qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, işini mükəmməl bilən həkim idi. O, Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı, iki əsrlik münaqişəni və 30 illik savaşı cəmi 44 günə Zəfərlə bitirən, dünya miqyaslı siyasi lider olan, tarixin ən qüdrətli Azərbaycanını yaratmış Müzəffər Ali Baş Komandanı böyütmüş fədakar, qayğıkeş ana idi. Onun ömür yolu elmi fəaliyyəti uğurlarla zəngindir. Zərifə xanıma həmkarlarının, yetirmələrinin, xəstələrinin hörmət və məhəbbətini qazandıran onun həkim fədakarlığı, yüksək vətəndaşlıq mövqeyi, səmimiyyəti, insanlara qayğısı idi. Onun keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik məktəbidir.
Diqqətə çatdırılıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkəmizdə 2023-cü il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İli” elan edilib. Zərifə xanımın 100 illiyi onun taleyi ilə birbaşa bağlı olan ömür-gün yoldaşının 100 illiyinə həsr edilmiş ildə qeyd olunur. Həm Ulu Öndərimizin, həm də görkəmli alim Zərifə xanımın 100 illik yubileylərinin ölkəmizdə təntənəli surətdə qeyd olunması bir daha onu deməyə əsas verir ki, xalqımız Heydər Əliyev və Zərifə Əliyevanın simasında mənəviyyat tariximizi örnək kimi nəsildən-nəslə ötürür.
Çıxışlarda Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafındakı xidmətlərindən, bu sahədəki tədqiqatlarından, keçdiyi şərəfli ömür yolundan, sədaqətli həyat yoldaşı və qayğıkeş, ölkəmizin sürətli inkişafını təmin edən, zəfərlərdən-zəfərlərə aparan oğul yetişdirən ana olmasından bəhs edilib.
Tədbirdə akademik Zərifə xanım Əliyevaya həsr olunmuş videoçarx nümayiş olunub. Məktəblilərin ifasında ədəbi bədii kompozisiya ifa edilib.