Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib
28 mart 2024 | 16:48
Martın 27-də “Qubek” otelin akt zalında Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın “Balakən rayonunun 2023-cü ildə sosial-iqtisadi inkişafının yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” barədə növbəti iclası keçirilib.
Şura iclasıda Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların məsul şəxsləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
İclasda məruzə ilə çıxış edən rayon rəhbəri İslam Rzayev 2023-cü il Azərbaycan xalqı üçün çox əlamətdar və uğurlu olduğunu, ölkəmizin həyatında bir çox önəmli hadisələrin baş verdiyini bildirib. Qeyd olunub ki, 2023-cü il sentyabrın 19-da başlamış və cəmi bir gün davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə Dövlət Bayrağımız qaldırılmış, noyabrın 8-də isə Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirilib.
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilmişdir. Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə il ərzində, elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyatına, onun siyasi fəaliyyətinə, xalqımız qarşısındakı xidmətlərinə həsr olunan konfranslar, dəyirmi masalar və geniş toplantılar keçirilmişdir. Rayonda “Heydər Əliyev ili”nə həsr olunmuş müxtəlif müsabiqələr, festival və sərgilər, tamaşa və konsertlər, həmçinin ağacəkmə aksiyaları təşkil olunmuşdur.
İslam Rzayev bildirib ki, 2023-cü ildə Dövlət və İnvestisiya Proqramlarında rayon üzrə nəzərdə tutulan tədbirlərin icrası nəticəsində rayonun əsas sosial iqtisadi göstəriciləri yaxşılaşmış, ümumi məhsul buraxılışı 325,8 milyon manat təşkil etmiş, 2022-ci illə müqayisədə artım 8,1 faiz olmuşdur. Kənd təsərrüfatı məhsulu istehsalı 128,7 milyon manat, sənaye məhsulu istehsalı 75,7 milyon manat, tikinti işlərinin ümumi həcmi 13,0 milyon manat təşkil etmişdir. 2022-ci illə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 4,3 faiz, sənaye məhsulu istehsalı 44,8 faiz, artmış, ümumi məhsul buraxılışının rayon əhalisinin hər nəfərinə düşən həcmi 3238,1 manat olmuşdur. Kənd təsərrüfatında istehsal olunan məhsulun 61,4 %-i bitkiçiliyin, 38,6 %-i isə heyvandarlığın payına düşmüşdür.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev məruzədə ötən il ayrı-ayrı sahələr üzrə rayonda görülən işlər barədə ətraflı məlumat verib və cari ildə qarşıda duran vəzifələrin icrasına nail olmaq üçün aparatın, idarə və müəssisələrin, ərazi icra nümayəndəliklərinin və bələdiyyələrin əlaqəli işləməsinin vacibliyini bildirib. Rayon rəhbəri cənab Prezident tərəfindən rayonumuzun inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində qarşıya qoyulmuş vəzifələrin bundan sonra da layiqincə yerinə yetirilməsi üçün hər bir dövlət məmurunun üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıb.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunan şəxslərə medalları təqdim olunub. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Bu əlamətdar il ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilib. Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə bir sıra şəxslər “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunublar.
Təltif olunanların siyahısında Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, YAP rayon təşkilatının sədri Azad Balayev və “Balacans” MMC-nin Direktorlar Şurasının sədri Əbdülqadir Ansuxski də yer alıblar.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev müasir və müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin xalqımız, dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb və təltif olunan şəxsləri təbrik edib.
Sonra İslam Rzayev tərəfindən Azad Balayevə və Əbdülqadir Ansuxskiyə medalları təqdim olunub.
Təltif olunanlar Ulu Öndərin siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə onlara göstərilən diqqətə və ali mükafata görə təşəkkürlərini ifadə ediblər.