Balakən Rayon İcra Hakimiyyətində din xadimləri və ağsaqqallarla görüş keçirilib
06 noyabr 2026 | 17:00
Bu gün Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev din xadimləri və ağsaqqallarla görüşüb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirak etdiyi görüşdə yas mərasimlərinin və məzar daşlarının sadələşdirilməsi, israfçılığın qarşısının alınması, eyni zamanda qəbiristanlıqlara nəzarətin güclədirilməsi məsələləri müzakirə edilib.
Rayon rəhbəri bildirib ki, insanlarımızın yas mərasimlərində, məzar daşlarının qoyulmasında təmtəraq və israfdan çəkinməsi üçün ictimai qınağın formalaşması mühüm amildir. Bu məqsədlə düzgün təsəvvürlərə malik şəxslərin bu məlumatları cəmiyyətin digər üzvlərinə ötürməsi və onlarla paylaşması vacibdir. Yas məclislərinin sadə şəkildə keçirilməsinin vacibliyi, israfçılığa yol verilməməsi mövzusunda cəmiyyətin maariflənməsində din xadimlərinin üzərinə mühüm vəzifə düşür. Qəbir daşlarının sadə olması, üzərində yalnız mərhumun tanınması üçün ad-soyad və müvafiq tarixlərin yazılması tövsiyə edilməlidir. Qəbiristanlıqlarda böyük vəsait israf olunur, yerlər azalır. Böyük daşlar üçün iri torpaq sahələri zəbt edilir.
Çıxış edənlər dəbdəbəli yas mərasimlərinin keçirilməsinin, qəbirlərin üzərinə böyük şəkilli abidələr qoymaq və bahalı materiallardan istifadə etməyin İslam dininə görə israf sayıldığnı qeyd ediblər. Qəbirlərin və məzar daşlarının ölçüləri üçün müəyyən standartların tətbiqinin vacibliyini vurğulayıblar. Eyni zamanda ağsaqqallar və din xadimləri israfçılıq və təmtəraqlı məzar ənənələrinin aradan qaldırılması ilə bağlı maarifləndirmə işlərini gücləndirəcəklərini bildirblər.
Qeyd edək ki, bu təşəbbüslər həm ailələrin üzərinə düşən ağır maddi yükün azaldılmasına, bu sahədə sosial fərqlərin və israfçılığın aradan qaldırılmasına, həm də qəbiristanlıqların daha nizamlı görünüş almasına yönəlib.






