Balakən Rayon İcra Hakimiyyətində “Dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi” mövzusunda təlim keçirilib
Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının Etik müvəkkilinin 2022-ci il üçün iş planına əsasən, rayon icra hakimiyyəti başçısı aparatının və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri üçün “Dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi” mövzusunda növbəti təlim keçirilib.
Təlimdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavinləri Nəzakət Rüstəmova, Mehparə Əliyeva, etik müvəkkil Pirdas Qardaşova, şöbə müdirləri və əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri iştirak edib.
RİH başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Əliyeva dövlət qulluğu sistemində ölkəmizdə aparılan islahatlar çərçivəsində görülən işlər, imzalanan qanunvericilik aktları barədə məlumat verib.
RİH-nin Hüquq şöbəsinin müdiri, etik müvəkkil Pirdas Qardaşova dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamında toxunulan məsələləri, Strategiyaya əsasən mövcud vəziyyətin təhlili barədə məlumatları təlimdə iştirak edənlərin nəzərinə çatdırıb. Bildirib ki, dövlət qulluqçusunun davranışı onun şəxsi və işgüzar keyfiyyətlərinin göstəricisi olmaqla yanaşı, həmçinin, onların təmsil etdiyi qurumun nüfuzuna təsir edir. Dövlət qulluqçusu nümunəvi davranışları ilə cəmiyyətdə nümunə olmalı, işlədiyi dövlət orqanının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsinə çalışmalıdır.
Daha sonra təlim iştirakçıları ilə mövzu ətrafında sual-cavab xarakterli müzakirələr aparıldı.