Balakən Rayon İcra Hakimiyyətinin başçısı Hənifə kəndində səyyar qəbul keçirib
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev sentyabrın 1-də Hənifə kəndi Əyritala yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Kənd sakinlərini salamlayan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 44 günlük Vətən Müharibəsi nəticəsində qazanılmış tarixi Qələbədən bəhs edib, ölkəmizin sosial-iqtisadi inkişafını əks etdirən göstəricilərə nəzər salıb, rayonda görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. Rayon rəhbəri bildirib ki, avqustun 26-da xalqımız, ölkəmiz növbəti dəfə tarixi anlara şahidlik etdi. 30 ilə yaxın işğal dövründən sonra Şanlı Ordumuz Laçın şəhərinə daxil oldu, burada Azərbaycanın üçrəngli bayrağı qaldırıldı. Qalib Azərbaycan özünün ərazi bütövlüyünün təmin olunması prosesini hərbi-siyasi yolla uğurla tamamladı. Ölkənin ərazi bütövlüyünə nail olmaqla Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi missiya yerinə yetirmiş oldu. Vətən müharibəsində əldə olunan Qələbə son 200 illik tarixdə xalqımızın imza atdığı ən böyük Zəfərdir. İslam Rzayev vurğulayıb ki, bu gün möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin keçdiyi yol şərəfli yoldur, qələbələr, uğurlar yoludur və biz həmişə qələbələr yolu ilə gedəcəyik.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Kənd sakinləri internet xətlərinin çəkilməsinə, işıq dirəklərinin yenilənməsinə, çay sularının əhalinin pay torpaqlarının yumasının qarşısının alınmasına, həmçinin kənd daxili yolun asfaltlaşdırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.
Səyyar qəbuldan sonra Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Vətən müharibəsi şəhidi Paxırov Elsevərin evində olub, şəhidimizin valideynləri ilə görüşüb.