Balakən Rayon İcra Hakimiyyətinin başçısı Hənifə kəndində səyyar qəbul keçirib
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev yanvarın 12-də Hənifə kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək sakinləri yeni il münasibətilə təbrik edib, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunmuş uğurlardan, ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan danışıb, Balakən rayonunda görülmüş işlərdən söz açıb, qarşıda duran vəzifələr barədə məlumat verib.
Səyyar qəbulda Hənifə KİƏD üzrə nümayəndənin və bələdiyyənin 2022-ci ildə gördüyü işlərə dair hesabatı dinlənilib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Şakir Miskinov “Gülüzan” yolunun hər iki tərəfindən su xəttinin çəkilməsinə, Arif Tovatov Roçəhməd yaşayış məntəqəsində qazılmış arteziandan su şəbəkəsinin qurulmasına, Rəhim Kərimov isə kəndin “Qaraxanlar oba” adlanan ərazisindəki yolun asfaltlanmasına köməklik göstərilməsini xahiş ediblər.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.