Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Hənifə kəndində sakinlərlə görüşüb
20 iyun 2025 | 09:51
İyunun 19-də rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Hənifə kəndinin Gülüzanbinə yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Həmçinin ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasətdən bəhs edib. “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2025-ci il tarixli Fərmanı haqqında iştirakçılara məlumat verib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Nizami Əzizov pay torpaqlarının sel sularından mühafizəsi üçün Balakən çayın kənd ərazisindən keçən hissəsində bənd tikilməsinə, içməli su xəttinin çəkilməsinə, eyni zamanda Gülüzanbinə ziyarətgahının yanında təhlükəli vəziyyət yaradan ağacların budanmasına, Ayaz Əliyev kəndin “Ziyarət yolu” adlanan ərazisindəki elektrik tansformatorunun yenisi ilə əvəz olunmasına, Şöhrət Hüseynov isə şəhid Orxan Hüseynov adına küçədə yolun təmir edilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.






