Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Mahamalar kəndində sakinlərlə görüşüb
06 avqust 2025 | 16:38
Avqustun 5-də rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Mahamalar kəndində səyyar qəbul keçirib. Qəbulda Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Həmçinin ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasətdən bəhs edib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Həmzət Xəlilov kəndin Sumbatoba adlanan ərazisində, Ruqiyyət Yekəyeva Abdulla Şaiq küçəsində elektrik dayaqlarının və elektrik xətlərinin yenilənməsinə, İlham Abdullayev Şəhid Fərhad Yusubov küçəsindəki fərdi yaşayış evlərinin həyətindən keçən elektrik dayaqlarının yerinin dəyişdirilərək yola çıxarılmasına, Nurullah Ceerçiyev Gers kanalının bərpa olunmasına, Rəsul Cumayev isə kəndin Silban yaşayış məntəqəsində içməli və suvarma suyu şəbəkəsi qurulmasına köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.






