Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Qazma kəndində ipəkqurdu bəslənilən təsərrüfatlara baş çəkib
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. Respublikamızın digər bölgələrində olduğu kimi, Balakən rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.
Balakənlilər hər il bu sahədə uğurlu nəticələrə nail olurlar. Cəmi 25-30 gün ərzində çəkdikləri əziyyətin bəhrəsini görən rayon kümçüləri baramaçılığın iqtisadi cəhətdən gəlirli olmasını deyirlər. Son illərdə rayonda baramaçılıqla məşğul olan ailələrin sayı artıb.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Qazma kəndində ipəkqurdu bəslənilən təsərrüfatlara baş çəkib. İpəkqurdunun bəslənmə şəraiti, yem ehtiyatı, kümçülərin problemləri və digər məsələlərlə maraqlanıb. Rayon rəhbəri vurğulayıb ki, bu il kümçülərin istehsal etdiyi hər kiloqram baramaya görə dövlət 6 manat subsidiya, barama qəbulu müəssisəsi isə 5 manat olmaqla ümumilikdə 11 manat vəsait ödəniləcək.
Qeyd edək ki, Balakən rayonunda ötən illər ərzində baramaçılıq üzrə təcrübə toplayan kümçülər bu il də ənənəyə sadiq qalaraq yüksək məhsul əldə etmək istəyirlər. Dörd ildir ki, ipəkqurdu bəsləməklə əlavə qazanc əldə edən Qazma kənd sakini, kümçü Sahib Xanlayev baramaçılığın gəlirli və əlverişli sahə olduğunu bildirib. Dövlət tərəfindən toxumların pulsuz olaraq yerlərdə kümçülərə paylanması, eyni zamanda, məhsulun təhvil alınması baramaçılığa marağı artırır. Artıq ipəkqurdu dördüncü yuxudan ayılıb və yaxın on gündə pup sarıma dövrünə keçəcək.
Cari mövsümdə Balakən rayonunda yaş barama istehsalının 35,4 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirilməsi üçün 269 kümçüyə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 885 qutu ipəkqurdu toxumu paylanılıb.