Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Yeni Şərif kəndində sakinlərlə görüşüb
12 iyun 2025 | 17:21
İyunun 12-də rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Yeni Şərif kəndində səyyar qəbul keçirib. Qəbulda Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Həmçinin ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasətdən bəhs edib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Cənnət Papaxova Yeni Şərif kənd tam orta məktəbinin qarşısındakı yola tənzimləyici nişanının qoyulmasına, Rüxsarə Hacıyeva kəndin Həmzət Xəlilov küçəsində çala təmiri işlərinin aparılmasına, Şamil Severxanov kəndin Gəncəyevlər oba adlanan ərazisinə yeni transformatorun qoyulmasına, İbrahim Saxalov isə işıq təsərrüfatının yenidən qurulmasına köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.






