Balakən Rayon İcra Hakimiyyətinin başçısı İtitala kəndində səyyar görüş keçirib
22 fevral 2024 | 17:04
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev fevralın 22-də İtitala kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək Prezident İlham Əliyevin cari ilin 19 fevral tarixində Türkiyənin paytaxtı Ankarada rəsmi səfəri zamanı mətbuata bəyanat verdiyini bildirib, ölkə başçısının səsləndirdiyi bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Şamil İsgəndərov kəndin ərazisindən keçən Katex çayının yuxarı hissəsində beton bəndlərin qurulmasına, kəndarası yollara qum-çınqıl daşınaraq qreyder çəkilməsinə, Ruqiyyə Hacıyeva bələdiyyədən aldığı torpaq sahəsinə plan-ölçü, çıxarış sənədləri almasına, Reyhan Əliyeva “Ğicriyan” adlanan ərazidə artezian quyusunun qazılmasına, Cahangir Mustafayev özünüməşğulluq proqramı üzrə iribuynuzlu heyvanla təmin olunmasının sürətləndirilməsinə, Ramiz Balayev “Qazma oba” adlanan ərazidə elektrik enerjisinin verilişində gərginliyin və qazın təzyiqinin artırılmasına köməklik göstərilməsini xahiş ediblər
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.