Balakən Rayon İcra Hakimiyyətinin başçısı Kortala kəndində səyyar qəbul keçirib
21 dekabr 2023 | 15:35
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev dekabrın 21-də Kortala kəndi Beçaqar yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb. Rayon rəhbəri qeyd edib ki, bir neçə gün öncə ölkəmizə növbəti dəfə böyük etimad göstərilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29-un Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub. Bildirilib ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Son illərdə beynəlxalq təşkilatlarda olduqca aktiv iştirak edən və dünyada beynəlxalq təşəbbüslərin lideri olaraq tanınan Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi, həm də ölkəmizin artan nüfuzunun göstəricisidir.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Əli Xırxırov Beçaqar yaşayış məntəqəsində artezian quyusunun qazılmasına, Təmraz Əliyev Kortala kəndinin mərkəzində 4 yol ayrıcında nəqliyyatın sürətinin məhdudlaşdırılması ilə əlaqədar radar qoyulmasına, İbrahim Qalayçiyev Balakən çayının yaşayış məntəqəsinin ərazisindən keçən hissəsində beton bəndin tikilməsinə, Fikrət Məmmədov kənddə internet abunəçi dayaqlarının quraşdırılmasına, Eldar Nuriyev elektrik transformatorunun yenisi ilə əvəz olunmasına, Nurəddin Ramazanov yaşayış məntəqəsində yağış sularının axıdılması məqsədilə kanal qazılmasına, Vüqar Mikayılov isə kənd qəbiristanlığının hasarlanmasına köməklik edilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.