Balakən Rayon İcra Hakimiyyətinin başçısı Mazımçay yaşayış məntəqəsində sakinlərlə görüşüb
19 iyul 2024 | 19:17
İyulun 18-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Gərəkli kəndinin Mazımçay yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə son dövrlərdə əldə olunmuş uğurlardan bəhs edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Prezident İlham Əliyevin Pakistan İslam Respublikasında dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatdan bəzi məqamları görüş iştirakçılarının diqqətinə çatdırıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Kənd sakinləri Mazımçay yaşayış məntəqəsində yolun təmir olunmasına, internet xəttinin çəkilməsinə və “Mazımçay” çayının yaşayış məntəqəsi ərazisindən keçən hissəsinin sel-sularından mühafizəsi üçün beton-bəndin vurulmasına köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.