Balakən Rayon İcra Hakimiyyətinin başçısı Meşəşambul kəndində sakinlərlə görüşüb
12 yanvar 2024 | 15:10
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev yanvarın 11-də Meşəşambul kəndinin Qazbölük yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ötən 2023-cü il ərzində ölkəmizin həyatında baş vermiş önəmli hadisələrdən bəhs edib, sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Əli Nahayev Uluğam çayında kənd təsərrüfatı təyinatlı torpaqlarının sel sularından mühafizəsi üçün sahil bərkitmə işlərinin aparılmasına, Hacı Osbanov kənd ərazisində yeni qurulmuş optik internet xəttinin qoşulmasının sürətləndirilməsinə, həmçinin M.Hudulov adına Meşəşambul kənd tam orta məktəbin qarşısında yerləşən qəzalı elektrik dayaqlarının yenisi ilə əvəz olunmasına, Hacı Dibirov isə kəndin “4-cü briqada” adlanan ərazisində təxminən 1600 metr məsafədə yolun təmir edilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.