Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Acılıqbinə kəndində sakinləri dinləyib
2026-cı il aprel ayının 16-da rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev Acılıqbinə kəndində səyyar qəbul keçirib. Qəbulda Balakən Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Həmçinin ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasətdən bəhs edib. Balakən rayonunda icra olunan abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli ilə bağlı görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mahir Əlisoltanov çıxış edərək kəndin əhalisi, sosial-iqtisadi inkişafı, məşğulluq vəziyyəti və ərazidə həyata keçirilən işlər, həmçinin son səyyar qəbul zamanı qaldırılan məsələlərin icra vəziyyəti ilə bağlı məlumat verib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Kənd sakinləri mövcud bulağa su çəninin qoyulması, marşrut xətti üzrə çalışan avtobusun intervalının artırılması, örüş sahəsinə gedən yolun təmir olunması, yağışlar nəticəsində həyətinə dolmuş suyun çəkilməsi, xüsusi mülkiyyətində olan ağacların kəsilməsinə razılıq verilməsi üçün köməklik göstərilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.






