Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Qaysa kəndində sakinlərlə görüşüb
Noyabr ayının 20-də rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev Qaysa kəndində qəbul keçirib. Qəbulda Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Həmçinin ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasətdən bəhs edib. Həmçinin Balakən rayonunda icra olunan abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli ilə bağlı görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.
Qaysa kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Rəsul Labazanov çıxış edərək kəndin əhalisi, sosial-iqtisadi inkişafı, məşğulluq vəziyyəti və ərazidə həyata keçirilən işlər barədə, həmçinin son səyyar qəbul zamanı qaldırılan məsələlərin icra vəziyyəti ilə bağlı məlumat veriblər.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Meysarat Qaysayeva kəndin “Labluk oba” adlanan ərazisində asfalt yolun təmir edilməsi, Şəhid anası Zərifə Qurbanova kəndin “Qaratala” oba adlanan ərazisində artezian quyusunun qazılması, Səbinə Telekova işlə təmin olunması, Rəfail Oynağanov Ulğam çayının kəndin ərazisindən keçən hissəsinin məcrasının təmizlənməsi, Rəşid Ramazanov kəndin “Basrabqırma” oba adlanan ərazisində qəzalı elektrik naqillərinin və dayaqlarının yenisi ilə əvəz olunması, Ramazan Hüşənov Qarabağ qazisi olan övladı Hüşənov Məhəmməd Ramazan oğluna icarəyə 1 ha torpaq sahəsinin verilməsi ilə bağlı rayon rəhbərinə müraciət ediblər.
Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.






