Balakən Rayon İcra Hakimiyyətinin başçısı Püştətala kəndində səyyar qəbul keçirib
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev sentyabrın 14-də Püştətala kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində törətdiyi genişmiqyaslı təxribat nəticəsində gedən döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Ermənistan tərəfinin hərbi təxribatlarının qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındığını diqqətə çatdırıb. Azərbaycan Silahlı Qüvvələrinin sərhəd boyunca vəziyyətə tam nəzarət etdiyini bildirib.
Həmçinin rayon rəhbəri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq-abadlıq işləri, həyata keçirilən sosialyönümlü islahatlar, iqtisadi sahədə əldə olunan uğurlar barədə məlumat verib.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Kənd sakinləri Şaban Vasanov Mollaçıbinə yaşayış məntəqəsində yaşadığı evinin yaxınlığında qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenisi ilə əvəz olunmasına, Abakar Laçınov Qamıştala, Pirqax, Mollaçıbinə yaşayış məntəqələrinə internet xətlərinin çəkilməsinə, Qurban Sofiyev Qamıştala yaşayış məntəqəsində içməli suya ehtiyacın olduğunu nəzərə alaraq artezian quyusunun qazılmasına, Şahmar Mahmudov maddi yardım edilməsinə və Rəcəb Mollaçıyev Mollaçıbinə yaşayış məntəqəsindən keçən yolun asfaltlaşdırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.