Balakən Rayon İcra Hakimiyyətinin başçısı Qabaqçöl qəsəbəsində sakinlərlə görüşüb
07 iyun 2024 | 10:36
İyunun 6-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Qabaqçöl qəsəbəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və qəsəbə sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda 04-06 iyun 2024-cü il tarixlərində ölkəmizin paytaxtında keçirilən Bakı Enerji Həftəsi haqqında məlumat verib. Bildirib ki, Bakı Enerji Həftəsi enerji sektorunun aktual məsələlərinin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi möhkəm platformadır. Prezident İlham Əliyevin hər il "həftə"nin açılış mərasimində iştirak etməsi bu tədbirin yüksək statusunu bir daha təsdiqləyir. Ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də "yaşıl enerji" kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutur.
Sonra qəsəbə sakinlərinin müraciətlərinə baxılıb.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.