Balakən Rayon İcra Hakimiyyətinin başçısı Qabaqçöl qəsəbəsində səyyar görüş keçirib
19 mart 2024 | 09:12
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev martın 18-də Qabaqçöl qəsəbəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və qəsəbə sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək sakinlərini xalqımızın milli bayramı olan Novruzun gəlişi münasibəti ilə təbrik edib, 14-16 mart tarixlərində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumu haqqında məlumat verib.
Sonra qəsəbə sakinlərinin müraciətlərinə baxılıb. Məhəmməd İsakov 20 Yanvar küçəsində 1200 m yolun təmir edilməsinə, Zetay Dibirova isə yeni qurulmuş optik internet xəttinin qoşulmasının sürətləndirilməsinə köməklik göstərilməsini xahiş ediblər
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.