Balakən Rayon İcra Hakimiyyətinin başçısı Qaysa kəndində sakinlərlə görüşüb
03 may 2024 | 17:52
Mayın 2-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Qaysa kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, forumda müzakirə olunan məsələlər haqqında məlumat verib. Həmçinin icra başçısı Qərbi Azərbaycanla bağlı tarixi məlumatları dünyaya çatdırılması istiqamətində ölkəmizdə ardıcıl tədbirlərin həyata keçirildiyini, Qərbi Azərbaycan İcmasının və Qərbi Azərbaycan TV-nin sosial şəbəkə hesablarının izlənilməsinin, paylaşımların bəyənilməsinin böyük əhəmiyyət daşıdığını bildirib, sakinlərdən bu məsələ ilə bağlı səfərbər olmalarını xahiş edib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.