Balakən Rayon İcra Hakimiyyətinin başçısı Qazma kəndində səyyar qəbul keçirib
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev noyabrın 24-də Qazma kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışından bəzi məqamları görüş iştirakçılarına çatdırıb. Son dövrlərdə rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Yaşar Bayramov Şambulbinə kənd tam orta məktəbi üçün yeni binanın tikilməsinə, Bəkir Soduyev kəndin “Çökək oba“ adlanan ərazisində işıq xətləri və dayaqlarda mövcud olan qəza vəziyyətinin aradan qaldırılmasına, Qurban Sərkərov Öküzovtala yaşayış məntəqəsinin ərazisində əlavə 1 ədəd transformatorun quraşdırılmasına və ayrıcın dəyişdirilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.