Balakən Rayon İcra Hakimiyyətinin başçısı Sarıbulaq kəndində səyyar görüş keçirib
Noyabrın 7-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Sarıbulaq kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə son dövrlərdə əldə olunmuş uğurları qeyd edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Rayon rəhbəri Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən, bu qələbədən sonra bölgədə yaranan yeni reallıqlardan söz açıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Fərhad Mustafayev kəndə gələn elektrik xəttinin digər ərazilərdən ayrılması üçün elektrik açarının qoyulmasına, Ramiz Nəbiyev təsərrüfatların sel sularından mühafizəsi üçün kanalın təmizlənməsinə, Cavanşir Şahgəldiyev isə kəndin “Məktəbin yanı” adlanan ərazisindəki yola körpü qoyulmasına köməklik göstərilməsini xahiş edib.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.